BDU-da görüş: “44 günlük Vətən müharibəsində Azərbaycan jurnalistikasının rolu”
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Azxeber.com” informasiya saytının rəhbərləri, fakültənin məzunları, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli və Əfsələddin Ağalarovla “44 günlük Vətən müharibəsində Azərbaycan jurnalistikasının rolu” mövzusunda görüş keçirilib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Vətən müharibəsində informasiya savaşının mühüm məqamlarına toxunub. Qeyd edib ki, həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dönəmdə Azərbaycan tərəfi öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün kütləvi kommunikasiya vasitələrindən, həmçinin mümkün olan vasitələrdən maksimum istifadə edib.
BDU-nun Milli mətbuat tarixi fafedrasının müdiri, professor Cahangir Məmmədli həmin günlərdə səngərdə Vətənin keşiyində duran oğullarımızın silahları ilə, arxa cəhbədə media nümayəndələrinin qələmləri ilə tanındığını, şanlı Zəfərimizi yazılarında, xəbərlərində vicdanla, düzgünlüklə, prinsiplərə sadiq qalaraq ifadə etdiklərini deyib. Cahangir Məmmədli postmüharibə dövründə də davam edən informasiya savaşında Azərbaycan jurnalistlərinin ölkəmizi daim layiqli şəkildə müdafiə etdiklərini və haqq işimizə töhfə verdiklərini bildirib.
Media rəhbərləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov öncə tələbəlik illərinə aid xatirələrini bölüşüblər. BDU-nun Jurnalistika fakültəsinin ölkə mediası üçün yararlı kadrlar hazırladığını və nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar əldə etmək üçün geniş imkanlar açdığını bildiriblər. Qonaqlar Vətən müharibəsi dövründə həm rəsmi, həm də özəl media subyektlərinin fəaliyyətindən, saytlara olan kiber hücumlardan, onların qarşısının necə alındığından danışıblar. Qeyd ediblər ki, informasiya ilə dövlət sirri arasında çox incə bir xətt var. Bunu müəyyən etmək peşəkarlıqla yanaşı, Vətənə məhəbbət hissi tələb edir. Azərbaycan jurnalistlərinin həm Vətən müharibəsi dövründə cəbhədə, həm də informasiya savaşında göstərdikləri yüksək səy təqdirəlayiqdir.
Sonda tələbələr onları maraqlandıran sualları qonaqlara ünvanlayıblar. Görüş diskussiya ilə başa çatıb.