BDU-da gənclərdə depressiyanın aradan qaldırılması yolları araşdırılıb
Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənclərdə depressiyanın yaranması səbəbləri və aradan qaldırılması yolları” adlı elmi-praktik seminar keçirilib.
Sosial elmlər və psixologiya fakultəsinin Psixologiya kafedrasının müdiri, dosent Səxavət Əliyeva bildirib ki, elmi-praktik seminar Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tədbirlər Planı çərçivəsində keçirilir: “Ulu Öndər Heydər Əliyev millətin inkişafını təhsildə görürdü. Məhz bunun üçün dövlət təhsil siyasətini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayıb”.
Seminarın məruzəçisi - BDU-nun Psixologiya kafedrasının baş müəllimi, doktorantı, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova qeyd edib ki, depressiya insanın mənfi əhval-ruhiyyədə olması, həyəcan, halsızlıq, yuxusuzluq, psixomotor ləngimə, narahatlıq, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, təkrar yaşanma ehtimalı olan, insanı həyatdan zövq almaqdan məhrum edən, özünəqəsd və s. halların yaşandığı psixi pozuntudur. Yüngül, orta və ağır variantlarda təsadüf edilən pozuntu zamanı xəstələr əsas etibarilə əhval-ruhiyyənin davamlı aşağı enməsi, maraq və zövqün yoxluğu, enerjilərinin olduqca zəifləməsindən şikayət edirlər. Ümumi yorğunluğun və fəallığın xeyli enməsi xəstənin az hərəkətli və ya hərəkətsiz vəziyyətdə qalmasına səbəb olur. Bu vəziyyət özünüqiymətləndirmənin aşağı düşməsi, həyatın mənasını itirməklə müşayiət olunur.
Psixi və Davranış Pozuntularının Beynəlxalq Təsnifatına (XBT-10) uyğun şəkildə depressiv pozuntu diaqnozunun qoyulması üçün əlamətlər 2 həftədən az olmayaraq müşahidə edilməlidir.
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor Nadir İsmayılov, BDU-nun Psixologiya kafedrasının professoru Elnarə Şəfiyeva, Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov, Mərkəzin Doktorantura şöbəsinin müdiri, dosent Mirnamik Bəşirov, Fəlsəfə tarixi və mədəniyyənşünaslıq kafedrasının müəllimi Sevinc Mislixanova elmi-praktik seminarın əhəmiyyətindən söz açaraq, depressiyanın genetik, bioloji, psixososial, sosial, psixoloji və s. aspektlərini təhlil ediblər.
Eyni zamanda gənclərdə depressiyanı aradan qaldırmaq üçün istifadə olunan psixoterapiya metodları müzakirə edilib. Həmçinin Hamilton və Bek testlərindən istifadə edilərək tələbələrdə depressiyanın praktik təyini aparılıb.
Sonda seminar iştirakçıları sertifikatla təltif olunub.