BDU-da elmi seminar: “Qrafit monotəbəqəsi ilə örtülmüş reniumun səthində baş verən fiziki-kimyəvi hadisələr”
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının növbəti elmi seminarı keçirilib.
Seminarda kafedranın dosenti Arif Orucov “Qrafit monotəbəqəsi ilə örtülmüş reniumun səthində baş verən fiziki-kimyəvi hadisələr” mövzusunda məruzə edib. Məruzəçi son zamanlar aparılmış tədqiqatlarda reniumun səthində qrafit monotəbəqəsinin alınması, geniş temperatur diapazonunda adsorbsiya zamanı metal təbəqəli sistemin adsorbsiya, desorbsiya, emissiya xassələrinin necə dəyişməsi, emissiyanı xarakterizə edən parametrlərin, nümunənin müqavimətinin, inteqral şüalanma əmsalının və s. hesablanması kimi məsələlərin öyrənldiyini bildirib. Müəyyən edilib ki, reniumun sərthində benzol molekullarının parçalanmasından yaranan karbon atomları reniuma diffuziya edə bilir və bunun nəticəsində reniumun çıxış işı, müqaviməti, inteqral şüalanma əmsalı dəyişir. İlk dəfə olaraq qalın qrafit təbəqəsi alınıb və belə sistemdə natrium atomlarının da birgə diffuziyası müəyyən olunub. Ağır metallurgiya, əlvan metallurgiya, neft və qaz emalı sənayesində heterogen katalizinin inkişafinda belə proseslərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, katalizdə dispers katalizatorlar daha çox işlədilir. Dispers katalizatorlar passiv səthlərə yad atomların və molekulların adsorbsiyası nəticəsində yaradılan aktiv mərkəzlər, adacıqlar, nanohissəciklər və s. şəklində olur. Metallarin səthində karbon təbəqəsinin yaranması onların adsorbsiya, katalitik və emissiya xassələrinin dəyişməsinə səbəb olur.
Müzakirələrdə çıxış edən seminar iştirakçıları təqdim olunan məlumatların praktik əhəmiyyət daşıdığını qeyd ediblər.
Məruzəçi daha sonra iştirakçıların suallarını cavablandırıb.