BDU-da elmi seminar: “Qərbi Azərbaycanın numizmatikası”
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasında “Qərbi Azərbaycanın numizmatikası” mövzusunda elmi seminar keçirilib.
Tarix fakültəsinin dekan müavini Kəmalə Nəcəfova ölkəmizin regionda yaratdığı yeni reallıqlar əsasında Qərbi Azərbaycanla bağlı atılan addımların oradan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpa edilməsinə hesablandığını qeyd edib. Əlavə edib ki, dünya ictimaiyyətinə tarixi həqiqətlərin çatdırılması və Qərbi Azərbaycan torpaqlarının Azərbaycana mənsub olduğunu göstərən faktları üzə çıxarmaq Tarix fakültəsinin qarşısında duran önəmli məsələlərdəndir.
Elmi seminarda Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Qənirə Pirquliyeva numizmatik materiallar əsasında Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məhz Azərbaycan türklərinə aid olmasını sübut edən tarixi faktlar barədə məlumat verib. Bildirib ki, Ermənistan adlı dövlət XX əsrdə süni şəkildə yaradılıb və tarixin heç bir dönəmində burada ermənilərə aid sikkələr aşkar edilməyib. XIII-XIV əsrdən etibarən buranın siyasi inzibati paytaxtı statusunu daşıyan İrəvan şəhərində rəsmi zərbxana işləyib, buraxılan sikkələr bütövlükdə Hülakilər zamanında rəsmi tədavüldə istifadə edilib, sonrakı yüzilliklərdə də fasiləsiz olaraq davam etdirilib. 1825-1828-ci illərə qədər cürbəcür dəyərli metallardan hazırlanan nominallar buraxılıb, yerli hakim sinfin ən tanınmış nümayəndələrindən olan əfşarlar və qacarlar hər zaman bu diyara xüsusi önəm verib. 200 ildən artıq bir zamanda Qərbi Azərbaycanda tapılan numizmatik materiallarda ermənilərə aid dini əlamət - xaç işarəsi, yaxud yazının olmaması bir daha bu etnosun Cənubi Qafqaza gəlmə olduğunu, burada heç bir dövlətçilik atributunun olmadığını sübut edən önəmli faktlardır.
Elmi seminarda Qərbi Azərbaycanla bağlı elmi tədqiqatlar içərisində tarix elminin digər sahələri ilə yanaşı, numizmatika elminin son araşdırmalarının əhəmiyyəti geniş müzakirə olunub.