BDU-da elmi seminar: “Qapalı ekoloji sistemlər”
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Qapalı ekoloji sistemlər” mövzusunda elmi seminar keçirilib.
TEC-in Biologiya fakültəsi üzrə elmi rəhbəri, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov seçilmiş mövzu haqqında iştirakçılara məlumat verib, tələbələrin elmə marağının yüksək olduğunu bildirib.
II kurs tələbəsi Səkinəxanım Qasımova astrobiologiya və bu sahədə əldə edilmiş elmi ixtiralar barədə tələbələri məlumatlandırıb. O, hazırda “Mars 2020” proqramı çərçivəsində Marsda olan “Perseverance” və “Ingenuity” aparatları haqqında fikirlərini bölüşüb. Məruzəçi həmçinin kosmosda oksigenin, suyun və enerjinin alınması, radiasiyadan qorunmağın yolları haqqında danışıb.
Sonra müəllim və tələbələrin sualları cavablandırılıb.