BDU-da elmi seminar: “Azərbaycanda neft sənayesinin inkişafı və ekoloji problemlərin həllində Heydər Əliyevin rolu”
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Ekoloji kimya kafedrasının professoru Qiyas Bayramov tərəfindən “Azərbaycanda neft sənayesinin inkişafında və ekoloji problemlərin həllində Heydər Əliyevin rolu” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi illərində digər sənaye sahələrində olduğu kimi, neft sənayesinin inkişafı və ekoloji problemlərin həlli ilə bağlı strateji əhəmiyyətli yeni qurğuların tikintisinə, istismarına nail olunub. 1970-1980-ci illərdə Azərbaycana neft hasilatının inkişafına təkan verən 75 növdə 400-dən çox gəmi gətirilib. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə "Şelf" tipli üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranıb. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yatağı kəşf edilib, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırılıb. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırılıb. 80-ci illərdə üzən qazma qurğularının sayının 11-ə çatdırılması nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən, dənizin 80-350 m dərinliyində zəngin neft ehtiyatlarına malik yataqlar (“Günəşli, “Azəri”, “Çıraq”) kəşf olunub.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanıb və həyata keçirilməyə başlanıb. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodların yaradılması, təzə qurğuların istismara buraxılması bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaradıb.
Neft emalı sənayesində yeni texnoloji qurğuların tikintisi, quraşdırılması əvvəlki illərə nisbətən neft tullantıları, tərkibində ekotoksikant xüsusiyyətli və digər zərərli maddələr olan istehsalat tullantı sularının Xəzər dənizinə axıdılmasının azaldılmasına səbəb olub, on min tonlarla zərərli qazın atmosferə atılmasının qarşısı alınıb. Ulu Öndərin arzuladığı kimi, “Qara şəhər”in “Ağ şəhərə” çevrilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son on il ərzində həyata keçirilib. Ulu Öndərin neft strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.