BDU-da elmi seminar: “Azərbaycan Respublikası ərazisinin səpinti qızıllılığının qısa icmalı”
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Azərbaycan Respublikası ərazisinin səpinti qızıllılığının qısa icmalı” mövzusunda elmi seminar keçirilib. Ümumi və tarixi geologiya kafedrasının dosenti Təranə Təhməzova mövzu ilə bağlı məruzəsində qeyd edib ki, Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir. Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. İkinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir. Köklü yataqlarla yanaşı, ölkə ərazisi səpinti qızıllılıq baxımından da əhəmiyyətli resurslara malikdir.
Məruzəçi bildirib ki, strateji əhəmiyyətə malik olan səpinti qızıl yataqlarının işlənilməsi iqtisadi inkişaf, yüksək rentabellik, yeni iş yerlərinin açılması, birbaşa xarici investisiya, valyuta gəlirlərinin artması, ekoloji tarazlığın qorunması və s. kimi xüsusiyyətlərlə səciyyələnir. Azərbaycan ərazisində Kiçik Qafqazın, Böyük Qafqazın Azərbaycan hissəsi, Dağlıq Talış, Naxçıvan ərazilərindəki çayların əksəriyyətində səpintı qızıl yataq və təzahürləri aşkar edilib, ehtiyatları hesablanıb. Müasir dövrdə yeni laboratoriya, kosmik, riyazi modelləşdirmə üsullarından istifadə etməklə yer səthinə yaxın və dərinliklərdə yerləşən səpinti qızıl yataqlarının aşkar edilməsi, işlənilməsi tələbə və magistrantlar qarşısında yeni vəzifələr qoymaqla yanaşı, geniş elmi-tədqiqat və təcrübə imkanları yaradır.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.