BDU-da elmi mühazirə: “Nizami Gəncəvinin milli kimliyi öz əsərlərində”
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycanda “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Nizami Gəncəvinin milli kimliyi öz əsərlərində” mövzusunda elmi mühazirə təşkil olunub. Tədbirdə BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan məruzə ilə çıxış edib. Tədqiqatçı 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını xatırladaraq ölkəmizdə və xaricdə keçirilən mühüm tədbirlərin əhəmiyyətini vurğulayıb.
Məruzədə Nizaminin “Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" əsərlərində türk düşüncəsinin hakim olması, türk xalqlarının həyat tərzi, dünyagörüşü, mədəniyyəti, adət-ənənənələrinin ifadə olunması ədəbi faktlarla şərh edilib. Bu əsərlərdə türk sözünün dəfələrlə və iftixarla çəkildiyi, eyni zamanda xeyli sayda türk dilində sözlərin yer aldığı qeyd olunub.
Knyaz Aslan qeyd edib ki, Nizami doğma Vətəninə bağlı olan, əsərlərində onu tərənnüm edən mütəfəkkirdir: “Azərbaycan və dünya nizamişünaslarının araşdırmalarının hərtərəfli təhlili, görkəmli mütəfəkkirin əsərlərinin filoloji və bədii tərcümələrinin diqqətlə öyrənilməsi əsasında belə bir elmi qənaətə gəlmək olur ki, Nizami orta əsrlərin ədəbi ənənələrinə və dövrün tələblərinə görə əsərlərini əsasən fars dilində yazsa da, bədii təfəkkürü, düşüncə tərzi, ifadə üslubu ilə birmənalı olaraq Azərbaycan ədəbiyyatının klassikidir”.
Knyaz Aslan məruzəsini 2023-cü ilin mart ayında Bakıda təşkil olunan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlərlə yekunlaşdırıb: “Nizami Gəncəvi doğma Gəncə şəhərində dünyaya gəlib, orada yazıb-yaradıb və orada da dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.