BDU-da Cəbrayıl Şəhəri Günü
Bakı Dövlət Universitetinin (BDU) Filologiya və Kimya fakültələrinin Tələbə Gənclər təşkilatlarının birgə təşəbbüsü ilə 4 oktyabr - Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 44 günlük Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik və fədakarlıq göstərdi, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı, canı bahasına azad edildi. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olundu.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov qədim mədəniyyət mərkəzlərindən biri kimi Cəbrayılın tarixindən, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasından söz açıb, bu qədim yurddan çıxmış görkəmli alimlərin elm və təhsilimizin inkişafına verdiyi töhfələrdən danışıb.
Kimya fakültəsinin dosenti Elgün Abdullayeva Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda aparılan quruculuq işləri, “Böyük qayıdış”ın xalqımızın tarixindəki əvəzsiz yeri barədə məlumat verib.
Kimya və Filologiya fakültələrinin tələbələri Aidə Kərimova və Validə Bayramlı vətənpərvərlik şeirləri səsləndirib, daha sonra Cəbrayıl rayonu haqqında videoçarx nümayiş olunub.