BDU-da “Cəbrayıl günü”
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Cəbrayıl günü” adlı tədbir keçirilib.
Tədbirdə Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova və fakültənin əslən Cəbrayıldan olan fəal tələbələri iştirak ediblər. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Fakültənin I kurs tələbələri Nihad Yusifli və Xanımnənə Məmmədova Cəbrayıl rayonunun coğrafi mövqeyi, tarixi abidələri, faydalı qazıntıları, qiymətli xammal ehtiyatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri haqqında tədbir iştirakçılarına məlumat veriblər. Onlar həmçinin erməni vandallarının işğalı nəticəsində Cəbrayıl şəhəri daxil olmaqla 4 qəsəbə, 92 kəndin talan edilərək yandırıldığını, 132 tarixi, mədəniyyət və dini abidənin dağıdıldığını, 1988-1993-cü ilə qədər erməni qəsbkarlarına qarşı döyüşdə 400 nəfərin şəhid olduğunu, torpaqlarımızın azadlığı uğrunda vuruşan 6 nəfər Cəbrayıl sakininin Milli Qəhrəman adına layiq görüldüyünü diqqətə çatdırıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti sayəsində digər tarixi ərazilərimiz kimi Cəbrayıl rayonu da işğaldan azad edilib.
Sosial iş ixtisası üzrə III kurs tələbəsi Zümrüd Xudiyeva öz çıxışında üzünü görmədiyi doğma Qarabağa bağlılıq hisslərinin formalaşmasında valideynlərinin böyük rol oynadığını vurğulayıb.
Fəlsəfə ixtisası üzrə I kurs tələbəsi Rufiz Quluzadə çıxışında əsrarəngiz təbiəti, mehriban və qonaqpərvər camaatı ilə seçilən Qarabağ bölgəsini bir cənnətə bənzədib. O qeyd edib ki, I Qarabağ müharibəsində şəhid olmuş əmisi Rufiz Quluzadənin adını daşıyır. Rufiz Quluzadə əmisinin nakam qalmış arzularını davam etdirəcəyinə söz verib. O, böyük ümid və həvəslə Cəbrayıla dönəcəkləri günü gözlədiyini və doğma ata yurdunda aparılan böyük quruculuq işlərində iştirak etmək arzusunda olduğunu ifadə edib.