BDU-da “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq konfrans başlayır
Konfrans müasir biologiyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları bir araya gətirməklə əldə edilmiş ən mühüm nəticələri müzakirə etməyə, yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan verəcək, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasına, habelə elmi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
19 xarici ölkədən (Türkiyə, Fransa, İspaniya, Koreya, Serbiya, Bolqarıstan, Pakistan, Mərakeş, Hindistan, Belarus, Polşa, İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan), ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahələrin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları gözlənilir.