BDU-da “Beynəlxalq Müəllimlər Günü” adlı kitab sərgisi
Ölkəmizdə 1993-cü ildən qeyd edilən Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu münasibətlə Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında ”Beynəlxalq Müəllimlər Günü” adlı kitab sərgisi təşkil edilib. Sərgidə yer alan 40-a yaxın kitab arasında Azərbaycan müəllimlərinin qurultaylarına həsr olunmuş kitablar, o cümlədən “Müəllimlərin treninqi”, “Ən şərəfli peşədir müəllimlik”, “Səriştəli müəllim hazırlığının problemləri”, “Müdrik müəllimlərimiz” seriyalı nəşrlər və s. oxucular tərəfindən böyük maraqla qarşılanır.
Sərgidə həmçinin BDU-nun görkəmli alimlərinin müəllifi olduqları elmi əsərlər, dərslik və dərs vəsaitləri də nümayiş etdirilir.
Gənclərdə müəllimlik peşəsinə marağın artırılmasını təbliğ edən sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.