BDU-da beynəlxalq konfrans: “Şəxsiyyət, cəmiyyət və dövlət XXI əsrdə: Qlobal çağırışlar və inkişaf perspektivləri”
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Şəxsiyyət, cəmiyyət və dövlət XXI əsrdə: Qlobal çağırışlar və inkişaf perspektivləri” mövzusunda sosial elmlər üzrə beynəlxalq fənlərarası elmi konfrans keçirilir.
Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzu edib. Fərda İmanov “Heydər Əliyev İli” ilə əlaqədar BDU-da keçirilən silsilə tədbirlər içərisində Sosial elmlər və psixologiya fakültəsinin təşkil etdiyi beynəlxalq konfransın xüsusi yeri olacağına əminliyini ifadə edib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov bildirib ki, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni cəhətdən maraq kəsb etməsi, Cənubi Qafqazda güc mərkəzinə çevrilməsi regionda və qlobal aləmdə baş verən proseslərin, mövcud problemlərin ciddi elmi təhlilini, izahını və perspektivlərinin müəyyənləşdiriliməsini zəruri edir. Bütün bunlar Azərbaycan cəmiyyətinin inkişaf prosesləri fonunda daha da aktuallaşır. O diqqətə çatdırıb ki, konfransın keçirilməsində əsas məqsəd sosial elmlərin bütün istiqamətləri üzrə aktual problemlərin müzakirəsi, qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif ölkələrin alim və tədqiqatçılarının araşdırmalarının nəticələrinin məruzə edilməsi, fikir mübadiləsinin aparılması, onların geniş beynəlxalq elmi auditoriyaya çatdırılmasıdır.
Konfransın plenar iclasında BDU-nun Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Milli Məclisin üzvləri – akademik Nizami Cəfərov, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Şimali Kipr Türk Respublikasının Ankaradakı səfirliyinin təhsil və mədəniyyət attaşesi Ahmet Arslan, Türkiyənin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə Prezidentinin müşaviri Aygün Attar, TRT-nin baş müxbiri, sosioloq-alim Aysel Sadak İltaş, Sülh Mədəniyyəti İnstitutunun rektoru Engel Rizakoviç Tagirov, Sorbonna Universitetinin fəxri professoru Albert Fişler, Hacettepe Universitetinin Ədəbiyyat fakultəsinin sosiologiya bölümünün professoru Aylin Baran, Özbəkistan Milli Universitetinin İctimai elmlər fakültəsinin kafedra müdiri Niginahon Şermuhamedova, Gürcüstan Texniki Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin professoru Valeri Modebadzenin çıxıları dinlənilib.
Beynəlxalq konfransın panel müzakirələrində müasir dövrdə şəxsiyyət və cəmiyyət münasibətlərinin tənzimlənməsi, XXI əsrdə dövlətin inkişaf meylləri və problemləri, qloballaşma şəraitində mədəniyyət, elm və təhsilin rolu məsələləri müzakirə olunub.
Beynəlxalq konfransda 19 xarici ölkədən 120 alim və tədqiqatçı iştirak edir. Hibrid qaydada keçirilən beynəlxalq fənlərarası elmi-praktik konfransda 40 xarici ölkə tədqiqatçısı müzakirələrə canlı, 60 nəfəri isə onlayn qaydada qatılır.
Konfrans oktyabrın 6-da da davam edəcək.