BDU-da Anım Gününə həsr olunmuş tədbir
Əvvəlcə Dövlət himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2020-ci il şanlı tariximizə qızıl hərflərlə yazılıb, Zəfər ili kimi həkk olunub. 2020-ci ilin bu günü mənfur erməni qəsbkarlarının növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başladığı əks-hücum əməliyyatları 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına çevrildi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı. Peşəkar, cəsur Azərbaycan Ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabrın 8-də Qarabağın ürəyi Şuşanın azad edilməsi ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər Ordumuz düşməni kapitulyasiya aktı imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, 30 illik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı.
Elçin Babayev vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Artıq günbəgün, saatbasaat dirçələn, canlanan Qarabağ və Şərqi Zəngəzurumuz var: “Bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə, ən uca zəfərdir. Adı dünya hərb tarixinə qızıl hərflərlə yazılan Müzəffər Ali Baş Komandanımız 44 günlük müharibə ilə bütün dünyaya cəsarətli və ədalətli müharibə aparmağın örnəyini göstərdi, ordumuzun yalnız işğalçı qüvvələrlə döyüşdüyünü, heç bir halda mülki əhalini hədəf seçmədiyini nümayiş etdirdi. 44 günlük müharibə yalnız səngərdə, döyüş meydanında getmədi, bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyev diplomatiya cəbhəsində də mübarizə apardı, ölkəmizə olan təzyiqlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi, Qarabağ münaqişəsinin yalnız xalqımızın maraqları çərçivəsində həll oluna biləcəyini dünyaya bəyan etdi”.
Rektor qeyd edib ki, BDU-nun professor-müəllim heyəti, tələbə və məzunları da savaşın ilk anlarından doğma Vətənimizin çağırışına səs verdilər. Çoxsaylı tələbə və məzunumuz könüllü cəbhəyə yollandı. Kollektiv ön cəbhədə olduğu kimi, arxa cəbhədə informasiya savaşına da töhfələr verdi. Şəhidlərimizin 20 nəfəri BDU-nun məzunlarıdır. Onların unudulmaz xatirəsi hər birimiz üçün müqəddəsdir.
Daha sonra Milli Məclisin deputatları Aqil Abbas, Aydın Hüseynov, Azərbaycan Mətbuat Şurasının sədri, BDU-nun İctimai Nəzarət Şurasının üzvü Rəşad Məcid, BDU-nun məsləhətçi professoru, I Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov, BDU-nun kafedra müdiri, I Qarabağ müharibəsi veteranı Knyaz Aslan, BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi, qəhrəman şəhidimiz Saməddin Əmrahovun qızı Aysu Əmrahova, Vətən müharibəsi iştirakçıları Şamil Hüseynov, Yusif Kamal, şəhid Amal Qarayevin atası Ədalət Qarayev çıxışlarında Vətən müharibəsinin ən parlaq və şanlı səhifə kimi xalqımızın tarixində silinməz iz buraxdığını qeyd ediblər. Çıxışlarda xalqımızın Vətən müharibəsi günlərində bir yumruq kimi Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında birləşdiyi bildirilib, müqəddəs şəhidlərimizin xatirəsinin əbədi yaşayacağına əminlik vurğulanıb.