BDU-da ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpadası qaliblərinin mükafatlandırılma mərasimi
Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Elm festivalı" çərçivəsində Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən siyasət nəticəsində olimpiada hərəkatı ildən-ilə genişlənir, uğurlu nəticələr əldə edilir. Rektor ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpadasının Elm və Təhsil Nazirliyinin dəstəyi, BDU və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirildiyini bildirib. Olimpiadanın keçirilməsində məqsəd bu elm sahələri üzrə tələbələrin biliklərini daha da artırmaq, ali məktəblər arasında əlaqələri gücləndirməkdir. Olimpiadada BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetindən ümumilikdə Fizika fənni üzrə 61, Riyaziyyat fənni üzrə 94, Kimya fənni üzrə 60 tələbə iştirak edib.
Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Münsiflər Heyətinin sədrləri – professorlar Misavər Musayev, Nazim Kərimov, Nasim Abışov, Təhsil İnstitutunun baş məsləhətçisi, dosent Asif Hacıyev çıxışlarında belə olimpiadaların keçirilməsinin önəmindən danışıb, qaliblərə uğurlar arzulayıblar.
Daha sonra Respublika Olimpiadasının nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən, 30 tələbə Olimpiadanın qalibi olub. Onlardan 3-ü I, 6-sı II, 9-u III, 15-i həvəsləndirici yerlərə layiq görülüb. Olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
Olimpiadanın nəticələri ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: