BDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olumuş elmi seminar
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov “Azərbaycanda tibb elminin informasiya təminatı” mövzusunda məruzə ilə çıxış edib. Nadir İsmayılov əvvəlcə Azərbaycanda tibb elminin təşəkkülü, formalaşması və inkişafı tarixinə nəzər salıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan, ölkəmizdə tibb elminin bünövrəsi hesab olunan əsərlər barədə məlumat verib. Azərbaycanda tibb elminin yeni inkişaf mərhələsinin 1919-cu ildə BDU-da Tibb fakultəsinin yaradılması ilə bağlı olduğunu diqqətə çatdırıb.
Məruzədə tibb elminin inkişafında, o cümlədən bu sahənin informasiya təminatının formalaşmasında professor Əziz Əliyevin müstəsna xidmətləri olduğu vurğulanıb. Bildirilib ki, professor Əziz Əliyev Tibb Universitetinin nəzdində kitabxananın, nəşriyyatın, elmi jurnal və qəzetin əsasını qoymaqla ölkəmizdə tibb elminin informasiya təminatında mühüm bir mərhələnin əsasını yaradıb. Nadir İsmayılov bütün bu ənənələri öz elmi irsində və praktik fəaliyyətində uğurla davam və inkişaf etdirən akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2022-ci il tarixli Sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədqiqatçı görkəmli alim, oftalmologiya sahəsində mühüm tədqiqatların, sanballı elmi əsərlərin müəllifi, akademik Zərifə Əliyevanın irsi haqqında ölkəmizdə və xaricdə mövcud olan sənəd-informasiya axınının təşəkkülü, inkişafı və müasir vəziyyətini kompleks təhlil edib. Akademik Zərifə Əliyevanın irsinə dair sənəd axınının tədqiqində Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr edilmiş “Zərifə Əliyeva” biblioqrafik göstəricisinin xüsusi əhəmiyyət daşıdığını bildirən natiq biblioqrafiyada alimin əsərləri, həyat və yaradıcılığına dair mühüm faktların əksini tapdığını qeyd edib. Məruzədə akademik Zərifə Əliyevanın irsinə dair çap edimiş əsərlər ədəbiyyat növlərinə və müəlliflərin əlifba göstəricisinə görə təsnifləndirilib, bir sıra müqayisəli təhlillər aparılıb.
Nadir İsmayılov akademik Zərifə Əliyevanın irsinə dair çap edimiş əsərlərin ölkəmizdə tibb elminin informasiya təminatının zənginləşməsində mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb.
Məruzə auditoriya tərəfindən böyük maraqla dinlənilib, elmi seminar müzakirələrlə davam edib.