BDU-105: Şərqşünaslıq fakültəsi - tarix və müasirlik arasında köprü
105 yaşlı Bakı Dövlət Universitetinin (BDU) qocaman fakültələrindən biri öz ənənələri və məzunları ilə şöhrət qazanmış Şərqşünaslıq fakültəsidir. Şərqşünaslıq fakültəsi universitet yaranandan 1922-ci ilə qədər Universitetin Tarix-filologiya fakültəsində Şərq şöbəsi kimi fəaliyyət göstərib. 1922-ci il iyulun 13-də respublika hökuməti Universitetin Tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsinin müstəqil Şərq fakültəsinə çevrilməsi haqqında müvafiq qərar qəbul edib. Fakültənin təşkili və kitabxananın təchizatı üçün vəsait ayrılıb. Fakültənin yaradılmasında məqsəd tədqiqatçı şərqşünasların elmi məktəbini yaratmaq, türk və İran xalqlarının tarixi, dili və ədəbiyyatı üzrə mütəxəssislər hazırlamaq idi. Şərqşünaslıq fakültəsinin məzunları ölkənin ictimai-siyasi həyatında, beynəlxalq əlaqələrində daim əhəmiyyətli və strateji rol oynayıblar.
Ötən əsrin 20-ci illərində Şərqşünaslıq fakültəsində görkəmli alimlər – akademiklər Nikolay Marr, İvan Meşşaninov, Vasili Bartold, Aleksandr Samoyloviç, professorlar Nikolay Aşmarin, Aleksandr Romaskeviç, Rozaliya Şor, Bəkir Çobanzadə, Əziz Qubaydulin və başqaları böyük elmi-pedaqoji iş aparıblar. Fakültənin ilk dekanı Panteleymon Juze olub. 1924-cü ildə professor Bəkir Çobanzadə, 1926-cı ildə isə professor Əziz Qubaydulin fakültəyə rəhbər təyin ediliblər.
1930-cu ildə Universitetin bazası əsasında 5 institut açıldığına görə Şərq şöbəsi bağlanıb, 1934-cü ildə yenidən təşkil edilib. Ötən əsrin 30-cu illərinin sosial-ictimai vəziyyətinin ən gərgin dövrlərində fakültə ilkin əhəmiyyətini bir qədər itirib, gah Filologiya fakültəsinin nəzdində İranşünaslıq və Türkologiya şöbələri olmaqla, gah da müstəqil fakültə kimi fəaliyyət göstərib. Professor Mübariz Əlizadə Şərqşünaslıq fakültəsinin ilk Azərbaycanlı dekanı təyin olunub (1945-1950). Fakültə 1946-cı ildə bərpa olunsa da, 1950-ci ildə yenidən öz müstəqil fəaliyyətini dayandırıb.
Nəhayət, 1957-ci ildən Ərəb, Fars və Türk şöbələri olmaqla Şərqşünaslıq fakültəsi yenidən təsis edilib. Fakültəyə 1957-1960-cı illərdə professor Rəhim Sultanov, 1960-1961-ci illərdə dosent Yusif Şirvan, 1962-1964-cü illərdə yenidən professor Mübariz Əlizadə, 1965-1977-ci illərdə professor Həsən Mahmudov, 1977-1981-ci illərdə professor Şulan Şirəliyev, 1981-1991-ci illərdə professor Vasim Məmmədəliyev, 1991-1999-cu illərdə dosent Elxan Əzizov, 1999-2002-ci illərdə dosent Əbdüləli Kərimov, 2002-2021-ci illərdə yenidən professor Elxan Əzizov rəhbərlik edib. 2022-ci ildən fakültənin dekanı türkoloq dosent Aydan Xəndandır.
1957-ci ildə ərəb, fars və türk dillərini əhatə edən Yaxın Şərq dilləri və ərəb, fars, türk ədəbiyyatları tədris olunan Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedraları yaradılıb. Yaxın Şərq və Orta Şərq xalqları ədəbiyyatı tarixi kafedrasına 1944-cü ildən akademik Həmid Araslı, 1957-1962-ci illərdə professor Mübariz Əlizadə, 1962-1965-ci illərdə yenidən akademik Həmid Araslı, 1967-1970-ci illərdə dosent Yusif Şirvan, 1970-1989-cu illərdə professor Mübariz Əlizadə, 1989-1991-ci illərdə professor Malik Mahmudov rəhbərlik edib. Yaxın Şərq dilləri kafedrasının rəhbəri isə 1957-ci ildən 1989-cu ilə qədər professor Rəhim Sultanov, 1989-1990-cı illərdə professor Həsən Mahmudov olub. 1990-cı ildən kafedraların balansında Ərəb, İran və Türk filologiyası kafedraları təşkil olunub, İran filologiyası kafedrasının ilk müdiri professor Həsən Mahmudov təyin edilib. Ardıcıl olaraq 1990-1996-cı illərdə professor Mirzə Rəhimov, 1996-2006-cı illərdə dosent Tofiq Cahangirov, 2006-2023-cü ilə qədər iranşünas-alim, professor Mehdi Kazımov eyniadlı kafedraya rəhbərlik edib. 2023-cü ildən kafedra professor Mehdi Kazımovun rəhbərliyi ilə Orta Şərq dilləri və ədəbiyyatı kafedrası adı altında fəaliyyətini davam etdirir.
1957-ci ildən Ərəb dili kafedrasının müdiri vəzifəsini Azərbaycanda müdafiə etmədən doktorluq dərəcəsi alan ilk alim, böyük ərəbşünas, professor Ələsgər Məmmədov (1957-1989) və dosent İsmayıl Şəms (1989-1991) tutublar. 1991-ci ildən 2019-cu ilə qədər Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev olub. 2019-2022-ci illər arasında kafedra müdiri vəzifəsini dosent Vüqar Qaradağlı və professor Elxan Əzizov icra edib. 2022-ci ildən isə Ərəb filologiyası kafedrasına filologiya üzrə elmlər doktoru, dosent Vüqar Qaradağlı rəhbərlik edir.
1990-cı ildə fakültədə Türk filologiyası kafedrası yaradılıb. Kafedra yaradılandan indiyədək onun müdiri türkoloq-alim, professor Rüfət Rüstəmovdur.
Şərqşünaslıq fakültəsində 1957-ci ildən yaradılmış istiqamətlərlə yanaşı, uzun müddətdən sonra ölkəmizin müstəqilliyini bərpa etməsi, Yaxın və Uzaq Şərq ölkələri ilə yaranan münasibətlər kontekstində 1993-cü ildə İvrit, 2000-ci ildə Yapon, 2001-ci ildə Urdu, 2002-ci ildə Çin və 2007-ci ildə isə Koreya şöbələri yaradılıb. Çin, Yaponiya və Koreya dilləri 2004-cü ildə yaradılan vahid Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasına daxil edilib. 2005-ci ildən kafedraya professor Oqtay Cəlilbəyli rəhbərlik edir.
Şərqşünaslıq fakültəsində tədrisin yüksək səviyyədə aparılmasında, Vətənimiz üçün şərqşünas kadrların yetişdirilməsində, ərəbşünaslıq, iranşünaslıq və türkologiya sahəsində elmi nailiyyətlər əldə edilməsində akademik Həmid Araslı, professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Aida İmanquliyeva, Mübariz Əlizadə, Əhməd Şəfai, Neyyerzaman Hatəmi, Həsən Mahmudov, Malik Mahmudov, Mirzə Rəhimov, Aniyə Ələkbərova, Aslan Eyvazov, Şulan Şirəliyev, dosentlər Əli Azəri, Həsən Əlizadə, Yusif Şirvan, Yusif Ziya Şirvani, Təhmurəs Cahani, Ağadadaş Dadaşov, Əbdüləli Kərimov, Fəxrəntac Zülfüqarova, İsmayıl Şəms, Tofiq Cahangirov və başqaları əvəzsiz xidmətlər göstəriblər. Azərbaycanda şərqşünaslıq və islamşünaslığın inkişafında akademik Vasim Məmmədəliyev böyük rol oynayıb.
Fakültədə 900-dən çox tələbə təhsil alır, 100-dən artıq əməkdaş fəaliyyət göstərir. Tələbələr Türkiyə, Ərəb ölkələri, İran, Pakistan, İsrail, Yaponiya, Çin, Koreya üzrə regionşünaslıq, türk, ərəb, fars, Çin dilləri üzrə filologiya, ərəb və fars dili üzrə tərcümə ixtisasları üzrə təhsil alırlar.
Fakültə beynəlxalq əlaqələrin genişlənməsi sahəsində geniş işlər aparır. Belə ki, Türkiyə, Ərəb ölkələri, Uzaq Şərq ölkələri, Pakistan, İsrailin təhsil ocaqları ilə əməkdaşlıq genişləndirilir. Hər il Kuveyt Dillər Mərkəzinə təhsil almaq üçün ərəb dili üzrə yaxşı oxuyan tələbələr göndərilir. Yaponiyanın Gumma Universiteti, Tsukuba Universiteti ilə müqavilələr imzalanıb. Çin Xalq Respublikasının Anhui Universiteti ilə BDU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, “Çin filologiyası” ixtisası üzrə ikili diplom proqramı həyata keçirilir. Artıq bu ixtisas üzrə təhsil alan tələbələr təhsillərini Anhui Universitetində davam etdirə biləcəklər. Əldə olunmuş razılığa əsasən, cari ildə fakültənin “Çin dili üzrə filologiya” ixtisasının yüksək göstəricilərə malik tələbələri Anhui Universitetinin altı həftəlik yay məktəbi kursunda iştirak ediblər. Qətər Universiteti, Türkiyənin Pamukkale Universiteti, Misirin Ayn Şəms Universiteti, Çexiyanın Karlova Universiteti, Varşava Universiteti, Koreyanın Kyungun Universiteti ilə memorandumların imzalanması üzrə danışıqlar aparılır. Orta Asiyanın bir neçə universiteti ilə əməkdaşlıq çərçivəsində onlayn mühazirələr təşkil olunur. Yunus Əmrə İnstitutu, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Atatürk Mərkəzi, Füzuli adına Əlyazmalar İnstitutu, AMEA-nın Şərqşünaslıq İnstitutu, Şəms Tərcümə Mərkəzi ilə əməkdaşlıq davam etdirilir.
Fakültədə auditoriyalar texniki cəhətdən müasir proyektorlar, elektron lövhələrlə təmin olunub. Dərslərdə video-audio materiallardan istifadə olunur. Müəllimlər dil dərslərinin daha effektiv keçirilməsi üçün innovativ üsullardan istifadə edirlər. Həmçinin fakültədə danışıq klubları da fəaliyyət göstərir. Növbəti tədris ilində “Tərcüməçilik” ixtisası üzrə təhsil alan tələbələr üçün diplomatik görüşlərdə tərcümə prosesini əks etdirən simulyasiya oyunlarının təşkili nəzərdə tutulur. Fakültə Koreya, Çin, yapon, türk, ərəb dilləri üzrə natiqlik yarışları keçirir ki, bu da tələbələrin Şərq dillərini dərindən öyrənmələrinə yardım edir. Mütəmadi şəkildə məşhur şərqşünas alimlər, diplomatlar, dövlət xadimləri, incəsənət nümayəndələri ilə görüşlər keçirilir. Fakültədə “Qiraət” adlı kitab klubu fəaliyyət göstərir. Klubun görüşləri şəhərin elm və mədəniyyət ocaqlarında təşkil olunur. Hər il fakültənin Uzaq Şərq dilləri üzrə təhsil alan tələbələri yapon dili üzrə natiqlik, Çin dili üzrə “Çin dili körpüsü” yarışlarında iştirak edirlər. İllərdir ki, bu yarışların ənənəvi qalibləri arasında Şərqşünaslıq fakültəsinin tələbələri müstəsna mövqe tuturlar. Eyni zamanda fakültənin ərəb, fars, türk dilləri üzrə təhsil alan tələbələri ölkədə keçirilən beynəlxalq konfransların işinə könüllü qismində dəstək olur, xarici qonaqlarla işin qurulmasında effektiv rol oynayırlar. Bu tədbirlər arasında islamafobiya, UNESCO və ICESCO ilə bağlı keçirilən silsilə konfrans və tədbirlər də var. Fakültə tələbələri hər il Qətər Fondu tərəfindən keçirilən Ərəb dili üzrə dünya və Asiya debat yarışlarında iştirak edirlər. İndiyədək fakültə tələbələri Qətər, Malayziya, Türkiyə və Omanda dörd debat çempionatında önəmli nəticələr əldə ediblər.
Fakültə tələbələri Universitetin sosial həyatında yaxından iştirak edirlər. Hər il fakültə tələbələrinin iştirakı ilə şəhid məzarları ziyarət olunur, şəhid ailələri ilə əlaqə saxlanılır. Ulu Öndər Heydər Əliyevin məzarına, Şəhidlər Xiyabanına ziyarətlər təşkil olunur. Heydər Əliyev Mərkəzi, Hərbi Qənimətlər Parkına ekskursiyalar təşkil edilir, milli-mənəvi məsələlər, azərbaycançılıq ideyaları aşılanır. Tələbələr Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və s. dövlət orqanlarının fəaliyyətində yaxından iştirak edirlər. Hər il fakültədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş “Şərq filologiyası məsələləri” mövzusunda Gənc alim və magistrantların konfransı keçirilir. Fakültə tələbələri Atatürk Mərkəzində, Şəms Tərcümə Mərkəzində, AMEA-nın Şərqşünaslıq, Əlyazmalar və Ədəbiyyat institutlarında, Azərbaycan Ədəbiyyatı Muzeyində, Yunus Əmrə İnstitutunda, Türk Mədəniyyəti və İrsi Fondunda təcrübə keçirlər.
105 illik tarixi ilə qürur duyan BDU-nun 101 yaşlı Şərqşünaslıq fakültəsi beynəlxalq əlaqələrini daha da inkişaf etdirmək, tədqiqat və tədris sahəsindəki uğurlarını artırmaq, müasir dövrün tələblərinə uyğun olaraq fəaliyyətini genişləndirmək niyyətindədir. Bu istiqamətdə atılan addımlar fakültənin akademik mühiti və elmi işlərinin daha da tanınmasına, beynəlxalq miqyasda rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək.
https://azertag.az/xeber/bdu_105_serqsunasliq_fakultesi___tarix_ve_muasirlik_arasinda_korpu-3171514