Bakı Dövlət Universitetinin zəfər ovqatlı 102-ci ildönümü
Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti elmin, təhsilin inkişafına, əhalinin savadlanmasına böyük önəm verirdi. Bu məqsədlə parlamentdə dəfələrlə müzakirələr aparılmış, universitetin təsis edilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Uzun və gərgin müzakirələrdən sonra, nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı Dövlət Universitetinin təsisi haqqında” qanun qəbul etdi. Beləliklə, 1919/1920-ci tədris ilindən universitet tarix-filologiya və tibb fakültələri ilə fəaliyyətə başladı. Cümhuriyyət Hökumətinin qərarına əsasən, universitetin ilk rektoru professor V.İ.Razumovski, tibb fakültəsinin dekanı professor İ.İ.Şirokoqorov, tarix-filologiya fakültəsinin dekanı isə dosent N.A.Dubrovski təyin olundu. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələrin oxunması ilə Azərbaycanın birinci ali təhsil ocağı həyata vəsiqə qazandı.
Xalq Cümhuriyyəti dövründə çox qısa zaman müddətində fəaliyyət göstərsə də, Bakı Dövlət Universiteti xalqımızın maariflənməsinə, əhalinin savadlanmasına özünün töhfələrini vermiş, elm, təhsil yolumuzun sönməyən çırağını yandırmışdır. Sovet hakimiyyəti illərində də universitet tarixi missiyanı davam etdirmiş, ölkəmizdə elm və təhsilin əsas mərkəzi olmuşdur. Eyni zamanda, BDU həmin dövrdə Azərbaycan Elmlər Akademiyasının formalaşması və eləcə də respublikamızda sonradan yaradılan bir sıra digər ali məktəblər üçün baza rolunu oynamışdır.
Bakı Dövlət Universiteti sovet hakimiyyəti illərində bütün təzyiq və basqılara rəğmən Azərbaycanda milli ruhun daşıyıcısı missiyasını şərəflə yerinə yetirmiş, milli şüurun formalaşması prosesində fəal surətdə iştirak etmişdir. Təsadüfi deyil ki, ağır və məşəqqətli 30-cu illərdə universitetin fəaliyyəti məhz bu səbəbdən bir müddət dayandırılmışdır. Lakin milli ruhlu ziyalılarımızın fədakarlığı nəticəsində ölkənin ilk ali təhsil müəssisəsi qısa müddətdən sonra fəaliyyətini bərpa etmişdir.
Bakı Dövlət Universitetinin inkişafında yeni mərhələ 1969-cu ildən – ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsindən sonra başlanmışdır. 1969-cu ilin 14 iyulunda Azərbaycanda hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələri kimi, elmin və təhsilin də inkişafına böyük diqqət göstərmişdir. Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanı kimi bu proseslərdə aparıcı rol oynamışdır.
Universitetin 50 illik yubileyində ulu öndər Heydər Əliyevin iştirakı və dövlət başçısı kimi Azərbaycan dilində çıxış etməsi həmin dövrdə olduğu kimi, bu gün də qədirbilən xalqımız tərəfindən cəsarətli addım və tarixi hadisə kimi yüksək qiymətləndirilir. Ümummilli liderimiz sonralar həmin hadisəni belə xatırlayırdı: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər". Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının və eləcə də himayəçiliyinin sayəsində universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi. Təsadüfi deyil ki, ötən əsrin sonlarında Azərbaycanda sovet imperiyasına qarşı azadlıq mübarizəsi məhz universitetdən başlandı.
Bakı Dövlət Universiteti Azərbaycanda elmin və təhsilin inkişafındakı rolunu, eyni zamanda, milli şüurun, vətənpərvərlik ruhunun formalaşması və inkişafındakı tarixi missiyasını müstəqillilk illərində daha əzmlə davam etdirdi. Müstəqillik illərində də universitet hər zaman olduğu kimi, ulu öndərimiz Heydər Əliyevin diqqət və qayğısından kənarda qalmadı. Bu dövrdə müdrik rəhbərin səyləri nəticəsində universitetin elmi potensialı və maddi-texniki bazası günü-gündən gücləndi. Bu gün qürurla söyləyirik ki, ulu öndər Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunu olmaqla yanaşı, hər zaman bu ali təhsil müəssisəsinin xeyirxahı və hamisi olmuşdur.
Son 18 ildə ölkəmizə uğurla rəhbərlik edən ulu öndər Heydər Əliyevin ləyaqətli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakı Dövlət Universitetinin inkişafı, müasir dünya universitetləri siyahısında layiq olduğu şərəfli yeri tutması üçün hər cür diqqət və qayğı göstərmişdir. Ölkə başçısının 14 noyabr 2017-ci il tarixli "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən, 2019-cu ildə universitetin 100 illik yubileyi ölkədə və xaricdə ən yüksək səviyyədə qeyd edilmişdir. Yubileyin keçirilməsi ilə bağlı imzalanmış tarixi sənəddə Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin şərəfli yol keçdiyini, universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətlərini xüsusi qeyd etmişdir.
Sərəncama uyğun olaraq BDU-nun 100 illik yubileyi Parisdə UNESCO-nun Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində yüksək səviyyədə qeyd edilmişdir. Yubiley ilində “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmiş, yubiley pul nişanı tədavülə buraxılmışdır. Universitetin 113 əməkdaşı ölkə başçısı tərəfindən ən yüksək orden, medal və fəxri adlara layiq görülmüşdür. Bütün bunlar Universitetin qədirbilən professor-müəllim heyətində ruh yüksəkliyi yaratmış, onları daha əzmlə, fədəkarlıqla Azərbaycan elminin və təhsilinin inkişafına öz töhfələrini verməyə sövq etmişdir.
100 illik yubiley mərasimində ölkə başçısının şəxsən iştirakı və proqram xarakterli çıxışı universitet kollektivinin qarşısında yeni hədəflər qoymuşdur. Möhtərəm Prezidentimiz yubiley mərasimindəki tarixi çıxışında BDU-nun ölkəmizin həyatındakı müstəsna rolunu xüsusi vurğulayaraq demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir. Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir.” Bu gün universitet kollektivi həmin tarixi nitqin yaratdığı ovqatın əhval-ruhiyyəsində öz səmərəli fəaliyyətini davam etdirir, qarşıda duran hədəflərə çatmaq, ölkə başçısının etimadını ən yüksək səviyyədə doğrultmaq üçün səylər göstərir, beynəlxalq və milli əmək bazarı üçün rəqabətədavamlı, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər hazırlayır.
100 illik şərəfli yubileydən sonra Bakı Dövlət Universiteti hər zaman olduğu kimi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz inkişafının yeni mərhələsini yaşayır. Universitetdə dövrün tələblərinə uyğun islahatlar aparılır, şərəfli keçmişə, tarixi ənənələrə malik olan ali təhsil ocağının modern dünya universitetləri siyahısında daha ön yerləri tutması üçün məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu gün müəyyənləşdirilən və uğurla həyata keçirilməkdə olan “Universitet – 5.0” strategiyası inkişafımızın əsas qayəsini, təməl prinsiplərini təşkil edir. Strategiya – təhsil, elm, innovasiya, beynəlmiləlləşmə və sosiallaşma prinsiplərinin vəhdətindən ibarətdir.
102 il öncə 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 16 fakültə, 121 kafedra, 3 elmi tədqiqat mərkəzi, 30-dan çox elmi tədqiqat və tədris laboratoriyası, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu, Konfutsi İnstitutu, İqtisadiyyat və Humanitar Kollec, Qazax filialı, “Gənc istedadlar” liseyi, 2 tədris-təcrübə bazası, 3 milyona yaxın kitab fondu olan böyük Elmi Kitabxana fəaliyyət göstərir.
Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır, üç mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 17 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir.
Hazırda universitetdə tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində tədris müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, ali təhsil müəssisəsinin beynəlxalq akademik əlaqələri və ölkədaxili əməkdaşlıq inkişaf etdirilir, paralel olaraq struktur islahatları həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gəncləşmə siyasətinə adekvat olaraq kadr islahatları aparılır, bacarıqlı və perspektivli gənclər önə çəkilir. Universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq əməli addımlar atılır.
Tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqat işlərinə cəlb olunmaları, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkili üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Universitet tələbələri müxtəlif platformalarda universitetin idarəçilliyinə cəlb olunurlar. BDU-da tələbə təşkilatlarının aktiv fəaliyyətləri üçün müvafiq şərait yaradılmışdır. Tələbələrin yataqxana şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni yataqxana – 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” istifadəyə verilmişdir. Hazırda universitetin ən müasir tələblərə cavab verən Tələbə Şəhərciyinin yaradılması istiqamətində intensiv işlər gedir.
Həmçinin tələbələrin keyfiyyətli, müasir dərslik və dərs vəsaitləri ilə təmin edilməsi üçün 2021-ci ildə universitetin mətbəəsi BP şirkətinin dəstəyi ilə ən müasir avadanlıqlarla təhciz edilərək yenidən qurulmuş və istifadəyə verilmişdir. BDU ərazisində “Kitab evi”, “Xarici dil mərkəzi” də fəaliyyət göstərəcəkdir.
Artıq universitetdə tədrisin keyfiyyətli təşkili, yeni təlim texnologiyalarının tətbiqi öz bəhrəsini verməkdədir. Xüsusilə son illər məzunlarımız müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında ən yüksək nəticələr göstərir, eyni zamanda, BDU tələbələri beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarşımalarında ön yerləri tuturlar. Həmçinin BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək xarici universitetlərə, o cümlədən, ABŞ-ın Boston, Kanadanın Alberta, Böyük Britaniyanın Kraliça Meri Universiteti, Cənubi Koreyanın Kyunqvoon Dövlət Universiteti, Çex Respublikasının Karlova, Cənubi Bohemia; İtaliyanın Boloniya, Sapienza, Venesiya, Turin, Litvanın Vilnüs Texnologiya Universiteti, Türkiyənin İstanbul, Kocaeli, Üsküdar universitetləri kimi dünyada müxtəlif ali təhsil müəssisələrinə daxil olmuşlar.
Son illər BDU-da əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılmışdır. Bakalavriat səviyyəsində verilən yüksək təhsilin, elmi tədqiqat fəaliyyətinə yaradılan şəraitin və tələbələrə verilən stimulun nəticəsidir ki, BDU-nun magistraturasında təhsil alanların sayı ildən-ilə artır. Müqayisə üçün qeyd edək ki, Universitetdə 2021-ci ildə magistratura pilləsinə daxil olanların sayı 2016-cı illə müqayisədə 1,6 dəfədən çox olumuşdur. Tədrisin yenilənməsi və müasir standartlara uyğun qurulması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, magistarura səviyyəsi üzrə ekologiya hüququ, aktual riyaziyyat, mobil tətbiqlərin hazırlanması və oyun dizaynı, kompüter elmləri və texnologiyaları kimi yeni ixtisaslaşmalar açılıb.
Bakı Dövlət Universitetində tədris prosesinin daha səmərəli və innovativ üsullarla təşkili məqsədilə 2020/2021-ci tədris ilinin yay semestrindən etibarən “BLACKBOARD” – tədrisin idarə edilməsi sisteminin tətbiqinə başlanılmışdır. Qeyd edək ki, bu sistemin tətbiqi üçün BDU 2021-ci ilin may ayından etibarən ABŞ-ın “Blackboard” şirkəti ilə əməkdaşlığa başlamış, nəhayət, universitetin potensialı nəzərə alınaraq bu barədə müsbət qərar qəbul edilmişdir. Bu sistemin əsas üstünlükləri kimi tələbələrin biliyinin sistem üzərindən qiymətləndirilməsini, dərslərin video yazılışının aparılmasını, eyni zamanda, mobil tətbiq vasitəsilə məlumatların daha rahat əldə edilməsi, davamlı olaraq tələbələrin və müəllimlərin fəallığının təhlil olunmasını və s. göstərmək olar.
Universitetdə elmi fəaliyyətin səmərəli təşkili məqsədilə müəyyənləşdirilən strateji xətt sayəsində son dövrlər aparılan elmi tədqiqat işlərinin məzmunu yenilənmiş, səviyyəsi artmış, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində əvvəlki illərlə müqayisədə daha müsbət nəticələr əldə edilmişdir. BDU alimlərinin elmi tədqiqat institutlarında, laboratoriyalarda və kafedralarda aldığı nəticələr mühüm hesabatlara daxil edilmiş, praktik əhəmiyyət kəsb edən işlər kimi yüksək dəyərləndirilmişdir.
Ölkəmizdə konvergens-innovativ biliklərə və praktiki vərdişlərə malik ali təhsilli mütəxəssislərə artan tələbatı nəzərə alaraq BDU istehsalat müəssisələri ilə olan mövcud əlaqələrini genişləndirmiş, fakültə, elmi-tədqiqat institutları (ETİ), elmi-tədqiqat mərkəzləri (ETM) və elmi-tədqiqat laboratoriyalarının (ETL-lərin) elmi-tədiqat istiqamətləri BDU-nun inkişaf strategiyasına uyğunlaşdırılmış, fundamental və tətbiqi istiqamətlərə üstünlük verilmişdir. Bu da istedadlı mütəxəssislərin sayının artmasına, innovativ təhsil proqramları və fəaliyyətlərinin çoxalmasına, elmi ideyaların kommersiyalaşdırılmasına kömək etmişdir.
BDU-da 2021-ci ildə ilk dəfə olaraq yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Excellence Center) təhsil-elm-istehsalat əlaqəsinin tətbiq və elmi nəticələrin kommersiyalaşdırılması prinsiplərini əsas götürərək istehsalat ilə əlaqələri genişləndirmişdir. Son 2 il ərzində BDU-da sənaye kimyası, rəqəmsal araşdırmalar, mikrobiologiya və virusologiya, biomühəndislik, kompleks geoloji və geofiziki tədqiqatlar kimi yeni sənaye yönümlü ETL-lər yaradılmış, qeyd olunan istiqamətlərdə bir sıra kommersiya əsaslı neft və qaz sənayesi üzrə layihə müqavilələri imzalanmışdır. Hazırda universitetdə 31 beynəlxalq və respublikadaxili elmi-tədqiqat layihəsi həyata keçirilir. Bu layihələr Avropa Birliyinin Horizon və TEMPUS proqramları, TUBİTAK, Elmin İnkişafı Fondu, AMEA, SOCAR, BP Azərbaycan, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.
Elmi fəaliyyətin təşkili və innovasiyalar, tədrisin təşkili və idarə olunması, tələbələrin elmi-texniki yaradıcılıq mərkəzlərinin birgə fəaliyyəti çərçivəsində tələbələrdə yaradıcılığın formalaşması (kreativlik) üçün qeyri-standart tapşırıqların birgə əməkdaşlıq və komanda şəklində həll olunması və öz fərdi biliklərini paylaşmaq bacarıqlarının aşılanması istiqamətində işlər aparılır, onlara elmi ideyaların reallaşdırılması, patentləşdirilməsi, tanıtımı və tətbiqi istiqamətlərində elmi və pedaqoji yönümlü təlimlər keçirilir, elmi tədbirlər təşkil olunur. Yeni texnologiyaların transferi və gənc tədqiqatçılara öyrədilməsi, sənayedə çalışan mütəxəssislərin tədrisə cəlb olunması, dünyanın müxtəlif (ABŞ, İtaliya, Qazaxıstan, Ukrayna, Yaponiya, Rumıniya, Almaniya, Macarıstan, Çex Respublikası və s.) elmi-tədqiqat institutlarında və universitetlərində çalışan mütəxəssislərin ustad dərsləri, mühazirələri və elmi seminarları təşkil olunur. Gənc tədqiqatçılarla alınmış elmi nəticələrin əsasında məqalələrin tərtibatı və dərc olunması istiqamətində müxtəlif təlimlər təşkil edilir.
Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin sayı da artan dinamika ilə inkişaf etməkdədir. Pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, “Clarivate Analytics” və “Elsevier” şirkətlərinin rəsmi məlumatlarına əsasən, 2021-ci ilin ilk 8 ayında BDU alimlərinin Web of Science bazasında 165-dən və SCOPUS bazasında isə 180-dən artıq məqaləsi dərc olunmuşdur. “Clarivate Analytics” şirkətinin rəsmi məlumatına əsasən, 1975-ci ildən bugünə qədər BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən Web of Science bazasına daxil olan jurnallarda 3294 elmi əsər nəşr edilib. Bu əsərlərə 16839 dəfə istinad edilib. BDU-nun h-indeksi 47- yə, hər bir əsərə edilən istinadların orta sayı isə 5,11-ə qədər yüksəlib. Həm struktur islahatlarının aparılması, həm də prioritet istiqamətlərin dəqiqləşdirilməsi, elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, BDU əməkdaşlarının 2020-ci ildə Q1 və Q2 kvartil kateqoriyalı jurnallarda dərc etdirdiyi elmi məqalələrin sayı 2015-ci illə müqayisədə 2,5 dəfə artmışdır.
BDU-da Web of Science Core Collection bazasında ən yüksək– Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “TWMS Journal Pure and Applied Mathematics” jurnalları dərc olunur.
BDU-da təbiət və dəqiq elmlər sahələri üzrə yeni jurnallar təsis edilmişdir. Azərbaycan Respublikasının və xarici ölkələrin ayrı-ayrı elm və təhsil müəssisələrində təbiət və texnika elmləri sahəsində çalışan alimləri, tədqiqatçıları bir araya gətirmək, onların təcrübələrini, yeni ideya və elmi nəticələrini bölüşmək, elmi biliklərin müxtəlif tətbiq imkanlarını araşdırmaq üçün uyğun platforma təqdim etmək məqsədilə yeni 5 jurnalın nəşri nəzərdə tutulmuşdur: Bakı Dövlət Universitetinin Fizika və kosmos elmləri jurnalı, Bakı Dövlət Universitetinin Riyaziyyat və kompüter elmləri jurnalı, Bakı Dövlət Universitetinin Həyat elmləri və biologiya jurnalı, Bakı Dövlət Universitetinin Kimya və materialşünaslıq jurnalı, Bakı Dövlət Universitetinin Yer elmləri və ətraf mühit jurnalı. Jurnallarda müvafiq elm sahələrində fundamental və tətbiqi tədqiqatların əvvəllər dərc оlunmamış orijinal nəticələrini, ən yeni elmi-texniki və innovativ nailiyyətləri özündə əks etdirən məqalələrin, o cümlədən konfrans materiallarının və icmal xarakterli məqalələrin anonim rəydən keçdikdən sonra Azərbaycan, rus və ingilis dillərində çap edilməsi qarşıya məqsəd qoyulmuşdur. Universitetdə əməkdaşların elmi fəaliyyətə təşviqi üçün davamlı olaraq məqsədyönlü tədirlər həyata keçirilir, nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin müəllifləri mükafatlandırılır, 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə müsabiqələr təşkil olunur, qaliblər yüksək məbləğdə pul mükafatına layiq görülürlər.
Son illər universitetin beynəlxalq əlaqələri də ən müxtəlif platformalarda genişlənməkdə və inkişaf etməkdədir. Bu əlaqələr özünü Universitetin beynəlxalq assosiasiya və cəmiyyətlərdə təmsil olunması, beynəlxalq qrant layihələri, müəllim və tələbə mübadiləsi, ikili diplom proqramlarının yerinə yetirilməsi və s. kimi akademik əməkdaşlıq şəklində ifadə edir. Son dövrlər BDU ilə Türkiyənin İstanbul, Kafkas, Uşak, Nişantaşı universitetləri, Fransanın Lion-2 Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Berlin Texniki Universiteti, Çinin Anhui Universiteti, Çex Respublikasının Cənubi Bohemia Universiteti, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Cənubi Koreyanın Kyunqvoon Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti, Pakistanın Lahor Universiteti, İsrailin Holon Texnologiya İnstitutu (HİT), ABŞ-ın Linkoln Universiteti, Portuqaliyanın Tomar Politexnik Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və s. çoxsaylı nüfuzlu universitetlər arasında əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanmışdır. Bütün bunlar BDU-nun qabaqcıl dünyanın elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.
Beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa xüsusi önəm verilir. Bu kimi əlaqələr dövlət qurumları və özəl şirkətlərlə yaradılır, bilavasitə tədris prosesinin, elmi tədiqat fəaliyyətininin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına yönəldilir. Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), AzərGold, PAŞA Bank, “PAŞA Həyat Sığorta” və digər qurumlarla əməkdaşlıq məsələləri və perspektivləri müzakirə olunmuş, müvafiq memorandumlar, müqavilələr imzalanmışdır.
2019-cu ilin əvvəlindən dünyanı bürüyən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən koronavirus (COVID-19) xəstəliyi ilə əlaqədar bütün fəaliyyət sahələrində olduğu kimi, təhsil sahəsində də müəyyən çətinliklər, eyni zamanda, yeni reallıqlar yaranmışdır. Bütün bunların fonunda Universitetdə tədris prosesi və elmi-tədqiqat fəaliyyəti davam etdirilir, ali təhsil müəssisəsi öz işini yeni dövrün şərtləri və reallıqlarına müvafiq şəkildə uğurla həyata keçirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində ölkəmizdə koronavirus (COVID-19) xəstəliyi ilə ən yüksək səviyyədə mübarizə aparılır, vaksinasiya prosesi sürətlə həyata keçirilir. Universitet kollektivi də bu prosesdə fəal şəkildə iştirak edir. Bu gün universitet kollektivinin 80 faizindən çoxu peyvənd olunmuşdur və səbirsizliklə ənənəvi tədrisə qayıdacaqları günü gözləyirlər.
Pandemiya dövründə tədris prosesinin yüksək səviyyədə onlayn formada təşkili ilə yanaşı, əməkdaşların və tələbələrin maarifləndirilməsi sahəsində də mühüm işlər görülmüş, bu mövzuya aid mühazirələr, elmi seminarlar, görüşlər təşkil edilmiş, həmçinin mütəmadi olaraq universitetin Psixoloji Yardım Sektorunun mütəxəssisləri tərəfindən stres, həyəcan, təşviş, eyni zamanda, stresin immun sisteminə təsiri mövzusunda təlimlər keçirilmişdir.
2020-ci ilin sentyabr ayının 27-də mənfur düşmənin növbəti təxribatlarına cavab olaraq başlayan və parlaq qələbə ilə başa çatan Vətən Müharibəsində BDU kollektivi, tələbələrimiz və məzunlarımız həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərmişdir. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollanmış, onlardan 18 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Universitetin bütün korpuslarının foyelərində əziz və unudulmaz xatirələri hər zaman bizimlə olan şəhid tələbə və məzunlarımızın xatirə lövhələri vurulmuş, onlara həsr olunan sənədli filmlərin və xatirə kitablarının hazırlanmasına başlanılmışdır. Universitet rəhbərliyi və kollektivi mütəmadi olaraq şəhid məzun və tələbələrin ailə üzvləri ilə əlaqə saxlayır, Vətən Müharibəsindən qalib əsgər kimi qayıtmış və təhsilini davam etdirən tələbələrə xüsusi həssaslıqla yanaşır.
Vətən Müharibəsi günlərində BDU kollektivi və tələbələri ön cəbhədə olduğu kimi, arxa cəbhədə də mübarizə aparmış, xüsusilə informasiya savaşına özlərinin töhfələrini vermişlər. Müharibənin ilk günlərində universitet rəhbərliyi tərəfindən BDU-nun əməkdaşlıq etdiyi dünyanın 200-dən çox ali məktəbinin rektorlarına məktub ünvanlamış, onlardan ölkəmizin haqlı mübarizəsinə öz dəstəklərini vermələri xahiş olunmuşdur. Qısa zaman ərzində dünyanın aparıcı universitetlərindən bu məktuba cavab kimi dəstək məktubları gəlmiş, Azərbaycanın ədalətli mövqeyi qətiyyətlə müdafiə olunmuşdur. Eyni zamanda, Vətən Müharibəsi günlərində Bakı Dövlət Universitetinin, jurnalistika fakültəsinin bəyanatları yayılmış, həmin sənədlərdə münaqişənin tarixi, Azərbaycanın haqlı mövqeyi barədə faktlar yer almış, beynəlxalq qurumlardan və beynəlxalq jurnalist təşkilatlarından məsələyə ədalətli münasibət göstərilməsi ifadə olunmuşdur. Həmçinin BDU rektorunun kollektiv adından ölkə Prezidentinə müraciəti ünvanlamışdır. Müraciətdə universitet kollektivinin Vətən Müharibəsində qələbəyə nail olunması naminə dövlətimizə və ordumuza hər cür dəstək verməyə hər an hazır olduğu xüsusi vurğulanmışdır. Universitet Elmi Şurasının qərarı ilə universitetin büdcəsindən və əməkdaşların öz istəkləri ilə onların əməkhaqlarından Silahlı Qüvvələrə Yardım Fonduna və YAŞAT Fonduna ianələr edilmişdir.
Tarixi zəfərlə başa çatan Vətən Müharibəsindən sonra da BDU kollektivi bu sahədə fəaliyyətini davam etdirir. Universitet rəhbərliyinin tövsiyəsi ilə dünya və Azərbaycan mətbuatının müharibə dövründəki fəaliyyətinin monitorinqi aparılmış və müvafiq nəticələri özündə əks etdirən kitablar artıq çapa hazırdır. Beş istiqaməti əhatə edən həmin kitablarda ölkə başçısının müharibə günlərində xarici mətbuata verdiyi müsahibələr, xarici, yerli və Ermənistan mediasında Qarabağ müharibəsi ilə bağlı yer almış yazılar və eyni zamanda, BDU əməkdaşlarının, tələbələrin müharibə dövründə mətbuatdakı faəliyyəti öz əksini tapmışdır. İnanırıq ki, bu kitablar gələcək tədqiqatlar üçün zəngin və etibarlı mənbə rolunu oynayacaqdır.
Bu il ilk dəfədir ki, doğma universitetimizin yaradılmasının növbəti ildönümünü torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik. Universitetin çoxminli kollektivi və tələbələri Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərdən ilhamlanaraq Azərbaycan elminə, təhsilinə, vətəndaş cəmiyyəti quruculuğuna, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verməkdə daha inamlı, daha qərarlıdır. Universitet kollektivi, tələbələrimiz respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsində, ulu öndər Heydər Əliyevin inkişaf doktrinasının daha parlaq şəkildə həyata keçirilməsində öz tarixi missiyasını yerinə yetirir, möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı ilə qüdrətli, xoşbəxt, qalib Azərbaycanda yaşamaqdan şərəf duyurlar.
https://xalqqazeti.com/az/news/84122
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru