Azərbaycan xalqına qarşı ən böyük cinayət: 1918-ci ilin mart soyqırımı
1918-1920-ci illərdə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımla bağlı ən etibarlı sənəd 1918-ci ilin yayında Milli Hökumət tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədləridir.
Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. (Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar
Arxivi (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18)). Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdılar. (ARDSPİHA, f.277, siy.2, iş 13-16, vər.25-26)
Təhqiqat Komissiyasının materiallarında bu vəhşiliklər barəsində deyilir: "1918-ci il martın 18-də (köhnə təqvimlə-A.İ) bir erməni zabiti, yanındakı üç erməni əsgəri ilə "Kaspi" qəzeti redaksiyasının və "İsmailiyyə" müsəlman xeyriyyə cəmiyyətinin binaları arasındakı dalana gəldi və "İsmailiyyə" binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular". Həmin zabit "Daşnaksütyun" partiyasının görkəmli xadimi Tatevos Əmirov idi. Bu, həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu "yenilməz inqilabçı", "xalqlar dostluğu uğrunda mətin mübariz" kimi təbliğ etmişdi.
Talançılar "Kaspi" qəzeti redaksiyasının və "Dağıstan" mehmanxanasının binalarını, "İsgəndəriyyə"ni, "İsmailiyyə"ni də yandırmışlar. "Kaspi" qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18)
Mart soyqırımında erməni hərbi hissələri ilə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilir ki, "erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu "müharibə"də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz "vətəndaş borcu"nu yerinə yetirirdi". (Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f.100, siy.2, iş 791, vər.791))
"Nikolay Buniatov" paraxodu komandirinin köməkçisi Kazım Axundov yazır: “Martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, "Vulkan" cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdi”. Kazım Axundov öz tanışı, texnik Vladimir Sokolovu "Kərpicxana" deyilən yerə aparmışdı. Burada, o, 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunmuşdur. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır.
İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdir. Mismarın başından aydın görünür ki, onu divara daşla vurmuşlar. Daş elə oradaca idi.
Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu alçaqlara "kişi" demək mümkündürsə) zorlamışdır.
1918-ci ilin mart günlərində Şamaxı şəhəri və Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Burada bədnam S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi. (ARDA, f.1061, siy.1, iş 108, vər.8-10)
Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı axundun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18) Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.
1919-cu il martın 30-da "Azərbaycan" qəzetində Fövqəladə Təhqiqat Komissiyasının "Çağırış"ı dərc edilmişdir. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: "Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər.”
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, ermənilər Şamaxı şəhərində 8 min, qəzanın 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox idi. (ARDA, f.1061, siy.2, iş 85, 87,100)
Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H. Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.
Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Amazasp camaatı meydana yığaraq bildirdi: "Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam". Şahidlərdən biri yazır: "Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan insana qarşı bu qədər vəhşilik törətsin". "Mən sizin qanınızı içəcəyəm"-deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi.
Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə verməklə cinayətin izini itirmək lazımdır.
Qırğının canlı şahidlərindən olan Şahbalı oğlu xatırlayır: "Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al-qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyidini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış bir yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi". Başqa bir şahid yazır: Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər". A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.
Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları də məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin canlı şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır ki, "Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi".
Qubada törətdiyi qırğınlardan quduzlaşan Amazasp əliyalın dinc əhaliyə meydan oxuyaraq deyirdi: "Mən erməni xalqının və onun mənafeyinin müdafiəçisiyəm. Mən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən bura qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm. Mənə əmr edilmişdir ki, Xəzər dənizindən Şahdağına kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv edim…"
Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.
Lənkəranda olan "Dikaya diviziya"nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri "Aleksandr Candar" paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddətləndi.
1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda "Molokan qiyamı" yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.
1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Erməni silahlı dəstələri tərəfindən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşiliklər haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.
Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmazlar. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə ora əl bombaları atır, sonra isə od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.
Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə iribuynuzlu və yüz minlərlə xırda buynuzlu mal–qara ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə, qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmışdı. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif kəndlərinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur. (ARDA: f.894, siy. 4, iş 65).
1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər götürülmüşdü.
1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə –yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın biri neçə kəndi istisna olmaqla İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişlər.
Quqark rayonunun Vartanlı kəndində isə faciə belə başlandı: Aprel ayının ortalarında iclas keçirmək adı altında azərbaycanlıları bir komaya yığırlar. Təxminən 1200-1500 adam bu komaya toplaşır. Keşiş Vahan iclası açır, bir neçə kəlmə ilə bu iki xalqın bir kənddə mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər sonra silahlı ermənilər içəri daxıl olub keşişi bayıra çıxarır, komanın qapısına bağlayaraq damından içəriyə saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər.
1918-1920-ci illərdə Andranikin silahlı dəstəsi tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım nəticəsində Qərbi Azərbaycan torpaqlarında təxminən 565 min nəfər türk-müsəlman öz dədə–baba torpaqlarından qovulmuş, didərgin salınmış və qətlə yetirilmişdir. Erməni tarixçisi Z. Korkodyan "Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər" əsərində yazır ki, “1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk qalmışdı”. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Sovetləşən Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı.
Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, "Daşnaksütyun" partiyasının "Böyük Ermənistan" yaratmaq planını həyata keçirmək üçün soyqırım siyasəti olmuşdur.
Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli tariximizin saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdı ki, bunlardan aşağıdakılara diqqəti cəlb etmək yerinə düşər:
- 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Milli Hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Nəticədə respublikada nəinki ziyalılara, hətta milli baxışlı kommunistlərə də divan tutuldu, milli adət-ənənələrimiz ayaq altına atıldı, bütün bu işlərin icraçıları ermənilər oldu.
- 2020-ci ildə 44 günlük Vətən Müharibəsinə qədər Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin əsası 20-ci illərdə qoyuldu.
- Bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.
- Otuzuncu illərin repressiyalarında ermənilər xalqımıza qarşı qırmızı terroru qəddarlıqla həyata keçirdilər.
- 1948-1953-cü illərdə yüz minlərlə soydaşımız öz ata-baba torpaqları olan Qərbi Azərbaycandan didərgin salındı.
- 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, ümumiyyətlə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir.
Nəhayət, Üzeyir Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı "31 mart" adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq yerinə düşər: "Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmaqdır. Borcumuz bu Vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır".
Bəli, düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım siyasəti cavabsız qalmadı. Tarixdən ibrət götürən Azərbaycan xalqı heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışa bilməzdi və barışmadı.
2020-ci ilin sentyabrında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Qarabağı düşmən işğalından azad etdi. Tarixə 44 günlük Vətən Müharibəsi kimi daxil olan bu zəfər düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndi.
Mart soyqırımı Azərbaycan tarixində ən ağrılı hadisələrdən biri olmaqla, həm də ibrətli tarixdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “gələcəkdə Ermənistanla qonşuluq münasibətləri bərpa oluna bilər, amma ermənilərin uzun illər xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani hərəkətləri heç vaxt unutmaq olmaz”.
Anar İsgəndərov,
Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor