Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən IV Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub. İki mərhələdən ibarət olimpiadanın respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 1190 nəfər şagird qeydiyyatdan keçib. Toplam balın ən az 50%-ni toplayan şagirdlər final mərhələsinə dəvət alıblar.
Martın 30-da Bakı Dövlət Universitetində və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində baş tutan finalda respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, onlardan 6-sı I, 10-u II, 9-u isə III yerə layiq görülüb. Qaliblərin siyahısı ilə aşağıdakı "Qaliblər" hissəsindən tanış ola bilərsiniz.
Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq.
IV Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İB-dir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyilə baş tutur.
Qeyd edək ki, IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.