“AzerGold”un Geoloji-kəşfiyyat şöbəsinin rəisi BDU tələbələrinə ustad dərsi keçib
“AzerGold” QSC-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi, geologiya-mineralogiya elmləri namizədi Şahbəddin Musayev Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələrinə “Respublika ərazisində qara, nəcib və əlvan metal filizi yataqlarının proqnoz göstəriciləri və onların resurslarının istismara cəlb olunmasının perspektivləri” mövzusunda ustad dərsi keçib.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov mövzunun aktuallığı barədə məlumat verib, Şahbəddin Musayevin uzun illər Azərbaycanın filiz yataqlarının öyrənilməsi, ehtiyatının hesablanması və proqnozlaşdırılması ilə məşğul olduğunu deyib.
Şahbəddin Musayev tələbələri Azərbaycanın əsas filiz yataqları haqqında məlumatlandırıb. Qeyd edib ki, Balakən rayonunun inzibati ərazisində yerləşən “Filizçay” yatağı regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihələrindən biridir. Tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda sink, gümüş, mis və qurğuşun kimi əlvan metallar mövcuddur. 2022-ci ildə “Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun hesablanıb. Nəticədə “Filizçay” üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib.
Ustad dərsində Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağı, ona yaxın olan “Mərəh”, “Ağyoxuş1,2,3”, “Tülallar” yataqları haqqında da məlumat verilib. Bildirilib ki, “Çovdar” qızıl yatağı” “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Cəmiyyət tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. "AzerGold" QSC tərəfindən 2017-2021-ci illər ərzində yatağın birinci fazası – oksid mərhələsi üzrə istismar işləri tam icra edilib. Oksid fazası üzrə 243,355 unsiya həcmində qızıl hasil olunub. "Çovdar" qızıl yatağının ikinci fazası – sulfid mərhələsi üzrə istismar işlərinə 2020-ci sentyabr ayında başlanılıb. Sulfid fazası üzrə satılabilən qızıl miqdarı 318,109 unsiya olaraq hesablanıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.