"ASAN xidmət"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri BDU-nun Jurnalistika fakültəsinin qonağı olub
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyev Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tələbələrlə görüşüb.
Əvvəlcə fakültənin dekanı Vüqar Əliyev qonağı tələbələrə təqdim edib, Elnur Niftəliyevin fakültənin ən uğurlu məzunlarından olduğunu, televiziya və PR sahəsində peşəkar fəaliyyət göstərdiyini deyib.
Elnur Niftəliyev fəaliyyət göstərdiyi qurumun İctimaiyyətlə əlaqələr şöbəsi haqqında məlumat verib, PR sahəsində çalışmaq istəyən tələbə-jurnalistlərə tövsiyələrini verib. O, böhran vəziyyətlərində düzgün idarəçilik qaydalarını, KİV-də sosial media və PR fəaliyyətinin spesifik xüsusiyyətlərini tələbələrin diqqətinə çatdırıb.
İnteraktiv və səmimi görüşün sonunda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.