18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
Bu gün doğma Azərbaycanımızın dövlət müstəqilliyini bərpa etməsindən 32 il keçir.
1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazandı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etdi.
Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşib, ağır sınaqlardan keçib. Daxili çəkişmələr, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirib, onun gələcək taleyini sual altına qoyub. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalıb, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşüb. Baş verənlər bir daha göstərib ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.
Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı.
Ölkəmiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır.
Uzun illər ərzində Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutduğu strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün gördüyü fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi ilə tarixi Zəfərə imza atdı, düşmən tapdağı altında olan torpaqlarımızda üçrəngli bayrağımızı ucaltdı.
Azərbaycan dövlətinin qüdrəti, qəhrəman xalqımızın sarsılmaz birliyi, qazilərimizin qanı, şəhidlərimizin canı bahasına əldə edilən tarixi Qələbəmiz sonrakı zəfərlərə yol açdı. Üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 30 illik işğala son qoymuşdusa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etdi. Bu il sentyabrın 19-da isə cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin olundu. Şanlı qələbəmizin möhtəşəm və məntiqi sonluğu oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərə, Xocalı, Əsgəran və ən əsası isə Xankəndidə üçrəngli bayrağımızı qaldırması oldu. Bununla da Müzəffər Ali Baş Komandan və onun əmrinə daim hazır olan Azərbaycanın qəhrəman oğulları tariximizin ən önəmli səhifələrinə yekun nidanı qoydular.
Bəli, artıq Azərbaycan xalqı üç ildir ki, müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayır.
Azadlıq, müstəqil dövlət halında yaşamaq xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Dövləti olmayan xalq məhvə məhkumdur. Şəhidlərimizin qanları bahasına qazandığımız və möhkəmləndirdiyimiz müstəqilliyimiz əbədi olsun! Üçrəngli bayrağımız bugünkü kimi həmişə Vətənimizin hər qarışında dalğalansın!
Bayramınız mübarək!