Vətən aşiqlərinin dastanı
Qəhrəmanlıq dastanlarını oxuyarkən çox zaman bu hadisələrin real olub-olmaması ilə bağlı şübhələrə düşürdüm. Düşünürdüm ki, görəsən doğurdan da belə qəhrəmanlar olubmu? Belə igid, qorxmaz, belə düşüncəli. Özüm bir dastana şahid olanadək... Amma şahid olduğum dastanın oxuduqlarımdan bir sıra fərqləri var. Bu dastanın yoxdur bir baş qəhrəmanı. Bu dastanın vardır minlərlə qəhrəmanı, minlərlə müəllifi. Bu dastanın yoxdur aşıq nəğmələri, bu dastanın vardır “Xudayar təsnifi”. Bu dastanın yoxdur Burla xatunu, bu dastanın vardır Arəstələri. Yoxdur bu dastanın Koroğlu nərəsi, vardır bu dastanın “Dəmir Yumruğ”u. Bu dastanın yoxdur pəri anası, bu dastanın vardır polad ürəkli oğul yetişdirən anaları. Yoxdur bu dastanın bir Uruzu, vardır bu dastanın Raqufları, Turqutları, Muxtarları. Yoxdur bu dastanın Kərəmin Əsliyə olan sevgisi, vardır bu dastanın vətən aşiqləri.
Tarixə “Dəmir Yumruq” əməliyyatı kimi daxil olan II Qarabağ müharibəsi damarlarında azərbaycanlı qanı axan, ürəyi bu ellər üçün döyünən hər bir şəxs üçün unudulmazdır. Biz bu Qələbəni gecə yuxudan “ata” deyərək ağlayıb duran, atasını bir dəfə belə olsun görməyən şəhid övladlarına, qoxusunu balasının hərbi formasında axtaran şəhid analarına, bir gecədə qəddi əyilən şəhid atalarına, sevgilərini xatirələrdə yaşadan şəhid yarlarına və ən əsası şəhidlərimizin qurban verdikləri həyatlarına, qazilərimizin itirdikləri sağlamlıqlarına, hərbçilərimizin hələ də tətikdə olan əllərinə borcluyuq! Bəzən düşünürəm ki, bu qədər nur üzlü, eyni baxışlı insan olarmı? Bu qədər eyni düşüncəli, eyni əqidəli insan olarmı? Bəli, müqəddəs Vətən torpağını həyatlarından üstün tutanlar olarmış. Şəhidlik ən ali, ən uca məqamdır. Onlar torpaq itkisindən əyilən qəddimizi dikəldənlərdir! Qələbəni qanları ilə yazanlardır!
Bu dastanın proloqu 20 Yanvardan, I Qarabağ müharibəsindən başlayır. Torpağı Vətən etməyin ilk kitabını ilk şəhidlərimiz yazdılar. “4 gündən 44 günə” – bu isə dastanımızın yeni mərhələsidir. Şərəfli “Aprel döyüşləri”. Azərbaycan ordusunun – Mübariz qeyrətli oğulların istənilən şəraitdə, istənilən vaxtda döyüşə hazır olduğunu 2016-cı ildə gördük. Diqqət yetirsək, rəqəmlər sanki bizə bir nişan verir, mənim xüsusi diqqətimi çəkən bu məqam bəlkə də mifik hesab ediləcək. Amma mən düşünürəm ki, bu məqam çox xüsusi və çox özəldir. 1994-cü ilin atəşkəs müqaviləsinin şərtlərini pozan ən şiddətli döyüş 2016-cı ilin 4-cü ayı baş verir, 4 gün davam edir, 4 il fərqlə 44 günlük müharibə başlayır. Müharibənin gedişində işğaldan azad olunan ilk şəhər - Cəbrayılımız oktyabr ayının 4-ü nəzarətə götürülür. Bu qədər “4” eyni məzmunlu hadisənin süjetində nəzərə çox çarpır. 4 rəqəmi liderliyin, sabitliyin və sülhün simvolu hesab edilir. Deyilir ki, 4 rəqəmini görəndə bilməlisiniz ki, mələklər sizinlədir. Onlar sizi doğru yola yönəldəcək və yolda yarana biləcək maneələri dəf etməyə kömək edəcəklər.
Zənnimcə, haqq dastanımızın qığılcımı Tovuz döyüşləridir. Onlar böyük qayıdışın ilk carçılarıdır. Onlar qələbənin ilk müjdəçiləridir. Bu döyüşlər içimizdəki seli kükrətdi, xalqın, dövlətin qələbə əzmini, inamını ortaya qoydu. Biz bu inama, əzmə tapındıq, qığılcımdan güc aldıq! Artıq alovlanan qələbə yanğısını heç bir qüvvə söndürə bilməzdi. Tarix qoxuyan 44 gün. Xalqın - 7-dən 70-ə hamının birləşdiyi 44 gün. Düşmənin gözünə ox kimi batan, ürəyini mərmi kimi dələn, ağlından çıxmayan 44 gün. Azərbaycanlıların, işğal edilən torpaqlardan əliyalın gedən körpələrin əllərində silah, qəlblərində inam, gözlərində nifrət, nəfəslərində intiqam hissi ilə qayıtmalarının qəhrəmanlıq salnaməsi! Qismən səfərbərlik elan edilsə də, orduda xidmət göstərmək istəyən könüllərin sayı-hesabı yox idi. Bu, Vətən sevgisi idi. Bu, bizim əqidə birliyimizin sübutu idi. Hərbi komissarlıqların qarşısında toplanan insanların, təqaüdlərini fonda köçürən yaşlıların, daxılındakı pulları ordu üçün xərcləmək istəyən körpələrimizin bu hərəkətləri sübut edirdi ki, müharibə nə qədər davam edirsə etsin, hər kəs Ali Baş Komandanın istənilən tapşırığına, əmrinə hazırdır.
Biz bu müharibədə birlik gördük, biz bu müharibədə dostumuzu, düşmənimizi tanıdıq, ata vəsiyyətinin yerinə yetirilməsini, 30 ildən sonra Qarabağda dalğalanan üçrəngli bayrağımızı, sevinən xarıbülbülümüzü, Natəvanın diyarını, Şuşa qalasını gördük!
Bizim torpaqlarımız Şəhid qanıyla suvarılıb – Vətəndir! Bütövdür! Vahiddir! Vaxtilə Ulu öndər Heydər Əliyev önündə Azərbaycanın xəritəsi, əlində xətkeş, dünyaya Azərbaycanı - Qarabağı tanıdırdı, hazırda Ali Baş Komandan İlham Əliyev dünyanın məşhur KİV-lərinə “Qarabağ Azərbaycandır” bəyan edir.
Hər zaman çalışacağam ki, gələcək nəsillər heç vaxt bu dastanın realda olub-olmamağı ilə bağlı şübhəyə düşməsinlər. Azərbaycan tarixinin şedevri hesab etdiyim bu dastanın səhifələrinin gül qoxusunun çəkilməməsi üçün əlimdən gələni edəcəyəm. Vətən aşiqlərinin igidliyinin əsrlər keçsə də danışılacaq bir əsər olacağına, Azərbaycan xalqının, gəncliyinin heç vaxt bu dastanın solmağına, öz təravətinin itirməyinə qoymayacağına bütün qəlbimlə inanıram. Mən fəxr edirəm ki, belə bir xalqa məxsusam və belə oğulları olan yurdun qızıyam! Mən qürur duyuram ki, müasir gənclik Ulu öndər Heydər Əliyevin gənclərə və gəncliyə olan etimadını yanıltmadı. Bu gün biz rahat şəkildə qürurla deyə bilirik: Stepanakert yox, Xankəndi! Şuşi yox, Şuşa! Karvacar yox, Kəlbəcər! İvanyan yox, Xocalı! Martuni yox, Xocavənd! Jrakan yox, Cəbrayıl! Akna yox, Ağdam! Sanasar yox, Qubadlı! Berdzor yox, Laçın! Hadrut yox, Ağoğlan! Madagiz yox, Suqovuşan! Artsax yox, QARABAĞ!
Lalə Mollayeva
BDU-nun “Zəfər dastanı” esse müsabiqəsində III yerin qalibi, Tarix fakültəsinin II kurs tələbəsi