Türkiyənin görkəmli türkoloqu Əhməd Buran BDU-da ustad dərsi deyib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsinin Müasir türk dilləri və ədəbiyyatları kafedrasının professoru, görkəmli türkoloq Əhməd Buranın “Türkologiyada konseptual yanaşmalar və terminoloji adlandırma problemləri” mövzusunda ustad dərsi keçirilib.
Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva Əhməd Buranın həyatı və yaradıcılığı haqqında məlumat verib, türkologiya sahəsində apardığı mühüm tədqiqatlardan, iki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Əhməd Buran tədbirin keçirilməsi ilə bağlı göstərilən təşəbbüsə və diqqətə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Müəllif məruzəsində türk xalqlarının qədim kökləri, dövlətçilik ənənələri və dilləri ilə bağlı türkoloji tədqiqatlarda rast gəlinən müxtəlif elmi fikirlərdən söz açıb, xüsusilə xarici türkoloqların türklərlə bağlı görüşlərində yer alan konseptual yanaşmalar haqqında məlumat verib. Bildirib ki, hazırda Türkiyədə, o cümlədən Fırat Universitetində aparılan türkoloji araşdırmaların əsas məqsədi tarixi faktların və türklər haqqındakı həqiqətlərin üzə çıxarılması və obyektiv dəyərləndirilməsində türk alimlərin iştirakının təmin edilməsi, türk coğrafiyalarında əldə olunan məlumatların düzgün təhlil edilərək ictimaiyyətə çatdırılmasıdır.
Türkologiyada terminoloji adlandırma problemlərinə diqqət çəkən alim ayrı-ayrı türk tayfaları və dillərinin adlandırılmasında istifadə olunan etnonim və linqvonimlərlə bağlı mübahisəli məqamlardan bəhs edib: “Orxon abidələrində 70 yerdə türk, cəmi iki yerdə göytürk termini işlənib. Şübhəsiz ki, göytürk adlanan bir millət və ya bir dil yoxdur. Elmi ədəbiyyatlarda tez-tez qaraxanlı türkcəsi termini işlənir, ancaq qaraxanlılara aid tarixi mənbələrdə belə bir terminoloji ifadəyə rast gəlinmir. Yaxud Osmanlı dövlətinin tarixi sənədlərində osmanlıca deyil, türkcə, türki terminləri işlədilib. Ancaq elmi mənbələr bu gün də osmanlıca kimi qeyd edir. Görünür, mənbələrdə özlərini türk adlandıran bu müəlliflərin əksinə olaraq, onların fəaliyyətini öyrənənlər məqsədli şəkildə təhrifə yol veriblər”.
Məruzəçi türk tayfalarının və dillərinin terminoloji baxımdan adlandırılmasındakı ziddiyyətli məqamlara da toxunub.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ilə bağlı çıxışlar edilib.