Serbiyanın Union-Nikola Tesla Universitetinin nümayəndə heyəti BDU-da olub
Bakı Dövlət Universitetində (BDU) Serbiyanın Union-Nikola Tesla Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, dosent Laçın Abışlı, Serbiyanın Union-Nikola Tesla Universitetinin Beynəlxalq münasibətlər və təhlükəsizlik fakültəsinin dekanı, professor Violeta Talovic, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Ağalar Abbasbəyli iştirak ediblər.
BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, müxtəlif ölkələrin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını və ikili diplom proqramlarının həyata keçirildiyini deyib.
Daha sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı və professor Ağalar Abbasbəyli fakültədə tədris olunan fənlər, tədrisin təşkili və ikili diplom proqramları barəsində qonaqları məlumatlandırıblar.
Union-Nikola Tesla Universitetinin Beynəlxalq münasibətlər və təhlükəsizlik fakültəsinin dekanı Violeta Talovic təmsil etdiyi ali məktəb barədə məlumat verib və Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan BDU-da olmaqdan məmnunluğunu ifadə edib.
Görüşdə Union-Nikola Tesla Universiteti ilə elmi-pedaqoji sahədə əməkdaşlıq imkanları, ikili diplom proqramları, elmi məsləhətçilərin təyin olunması zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.