Rektor Elçin Babayev BDU-da ilk dərsin başlamasının 103 illiyi münasibətilə tələbələrə xüsusi mühazirə deyib
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetdə ilk dərsin başlamasının 103 illiyi münasibətilə Fizika fakültəsinin tələbələrinə mühazirə deyib. Mühazirənin əvvəlində rektor tələbələrə BDU-nun keçdiyi şərəfli tarixi yol barədə məlumat verib. Qeyd edib ki, 103 il ərzində BDU Azərbaycan xalqının övladlarına ali təhsil vermək, Vətənimizin dünya elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ən uca missiyasını layiqincə yerinə yetirib. BDU-nun məzunu olan 200 mindən artıq yüksəkixtisaslı kadr ölkəmizi bütün sahələrdə ləyaqətlə təmsil edib və etməkdədir. BDU-nun ən böyük məzunu isə Ümummilli liderimiz Heydər Əliyevdir. O, BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.
Rektor vurğulayıb ki, 1919-cu il noyabrın 15-i Universitetdə ilk dərs günü elan olunub. Universitet ilk tədris ilini 2 fakültə (Tarix-filologiya, Tibb fakültələri) və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub. BDU öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş mərkəz rolunu oynayıb.
Daha sonra rektor tələbələrə Günəş fizikası ilə bağlı mühazirə deyib.
Mühazirədə Günəş fizikası üzrə əsas məlumatlara, Günəşin qlobal parametrlərinə, daxili quruluşuna, atmosferinin əsas xüsusiyyətlərinə və müşahidə olunan fəal törəmələrinə geniş yer ayrılıb. Günəşin nüvəsində istilik-nüvə reaksiyaları hesabına enerjinin generasiya olunması, bu enerjinin səthinə ötürülmə mexanizmləri izah olunub. Tələbələrə son illər Günəşin tədqiqi istiqamətində fəaliyyət göstərən müasir kosmik missiyalara dair biliklər çatdırılıb. Mühazirədə həmçinin bu istiqamətdə həllini gözləyən problemlərin nəzəri əsasları ilə yanaşı, müşahidə məlumatları, bu məlumatların analizi və mümkün modelləşdirilməsi barədə elmi biliklər təsvir edilib.
Mühazirənin sonunda rektor tələbələrin suallarını cavablandırıb.