Professor Sevinc Hacıyeva “Rəfiqə Əliyevanın elmi kimya məktəbi” mövzusunda məruzə ilə çıxış edib
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə Rusiyanın məşhur kimya tarixçisi N.A. Fiqurovskinin (1901-1986) 120 illik yubileyinə həsr olunmuş "История химии и химического образования: междисциплинарные отражения" adlı onlayn Beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva "Научная химическая школа Р.А. Алиевой" adlı məruzə ilə çıxış edib. Professor Sevinc Hacıyeva çıxışında Azərbaycanın ilk analitik kimyaçı alimi Rəfiqə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolundan, onun kimya elminə verdiyi töhfələrdən bəhs edib.
Qeyd olunub ki, məşhur Azərbaycan alimi, kimyaçısı, akademik, kimya elmləri doktoru, professor R.A.Əliyevanın Azərbaycanda təhsilin və elmin inkişafında əvəzsiz xidmətləri var. Bütün həyatını kimya elminə həsr etmiş R.A.Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasında bilik və bacarıqlarını əsirgəməmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin tədqiqatında əsas yeri analitik reaksiyaları xarakterizə edən parametrlər ilə kompleks birləşmələrin quruluşu arasında əlaqənin müəyyən edilməsi tutur.
Rəfiqə Əliyevanın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları eyni zamanda üzvi reagentlərdən istifadə etməklə metalların təyini və onların təcrid edilməsi üsullarının işlənib hazırlanmasına yönəlmişdir. Onun aktual ekoloji problemlərlə bağlı əsərləri ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verib. R.Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və konsentrasiyası üsullarının öyrənilməsi sahəsində tədqiqatlar aparmışdır.
2001-ci ildə akademik R.A. Əliyeva tərəfindən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası yaradılıb. R. Əliyeva 450 elmi əsərin, 25-dən çox dərs vəsaiti və dərsliyin, analitik kimya üzrə 6 tərcümə kitabının və 20 patentin müəllifi olmuşdur.
R.A.Əliyeva universitet tələbələrinə kimyanın əsaslarını tədris edib, yeni elmi-pedaqoji kadrların yetişdirilməsi üçün bütün səylərini əsirgəməmişdir. R. Əliyevanın rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır.
R.A.Əliyeva “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin adamı" və "2001-ci ilin işgüzar qadını" seçilib. “Şöhrət” ordeni və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Çıxış konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və müzakirə edilib.
Konfransda Rəfiqə xanım Əliyevanın əziz xatirəsi hörmətlə yad edilib.