Orta Doğu Texniki Universitetinin rektoru Mustafa Verşan Kök BDU-da
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinin (ODTU) rektoru Mustafa Verşan Kökün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Elçin Babayev onlara Azərbaycanın ən qədim və böyük universiteti olan BDU-nun tarixi, strukturu və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, bütün sahələr üzrə kadr hazırlayan BDU Azərbaycanda “Tədqiqat universiteti” statusunu almağa əsas namizəddir. Rektor qeyd edib ki, BDU dünyanın qabaqcıl elm və təhsil məkanına inteqrasiyanı özünün əsas prioritetlərindən hesab edir. Bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilir. Son illər BDU-da dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir. BDU “Times Higher Education” beynəlxalq reytinqinə Azərbaycan üzrə daxil olan yeganə, “QS World University Rankings” beynəlxalq reytinqində isə ölkəmizi təmsil edən iki universitetdən biridir. Azərbaycan üzrə “Web of Science” bazasında indekslənən jurnallarda dərc olunmuş məqalələrin 25 faizi BDU-nun alimlərinə məxsusdur.
Rektor Elçin Babayev qardaş Türkiyənin ali məktəbləri, eləcə də ODTU ilə elm-təhsil-innovasiya istiqamətində əlaqələrin genişləndirilməsinin BDU-nun əsas prioritetlərindən biri olduğu vurğulayıb.
ODTU-nun rektoru Mustafa Verşan Kök rəhbərlik etdiyi universitetdə 30-dan çox elmi-tədqiqat mərkəzi, 465 təhsil və elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərdiyini, 28000-dən çox tələbənin təhsil aldığını və 2300-ə yaxın professor-müəllimin çalışdığını qeyd edib. O bildirib ki, “universitet-sənaye” əməkdaşlığına xüsusi önəm verən ODTU Türkiyə universitetləri arasında sənayedən ən çox gəlir əldə edən universitetdir.
Görüşdə BDU ilə ODTU arasında fizika, kimya, biologiya, kompüter mühəndisliyi, neft-kimya mühəndisliyi, qida mühəndisliyi, geologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mədən mühəndisliyi və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.