İldırım: insana təsiri, fəsadları, ondan qorunma yolları
İldırım buludların içərisində, iki bulud arasında və ya buludlarla yer səthi arasında elektrik boşalmalarının baş verdiyi atmosfer hadisəsi olub göy gurultusu və şimşək çaxması ilə müşayiət edilir. Şimşək dedikdə qeyd edilən elektrik boşalmaları zamanı yaranan işıqlı qırıq xətt və ya şaxələnmiş xətlər nəzərdə tutulur. İldırım zamanı yaranan şimşəyin işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə kilometr uzunluğunda olur və əksər hallarda çoxlu qollara bölünür.
Bu məqalədə baxılan xətti və şaxələnmiş xətti ildırım növü, bir qayda olaraq, əsasən nisbətən böyük ölçülü topa buludlar arasında, bəzi hallarda isə bir topa bulud daxilində və ya buludla Yer səthi arasında qığılcımlı boşalma şəklində yaranır və adətən güclü yağış, dolu və fırtına ilə müşayiət olunur. Lakin bəzən ildırım çaxmasına baxmayaraq, yağış yağması müşahidə edilmir. Belə yağışsız ildırım "quru ildırım" adlanır və çox nadir hallarda baş verir.
İldırımın yaranma səbəbi əsasən havada olan su buxarının kondensasiya və ionlaşması ilə əlaqədardır. Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yüklü buludla induksiya nəticəsində əks adlı yüklənmiş yer səthi arasında gərginlik müəyyən həddə çatanda havada elektrik boşalması (deşilmə hadisəsi) baş verir. İldırım çaxması zamanı yüklənən səthlər arasında əmələ gələn və elektrik boşalmasının yaranmasına səbəb olan gərginlik adətən bir neçə milyon voltdan milyard volta, boşalma zamanı yaranan cərəyanın şiddəti isə 500 min amperə qədər ola bilir. Şimşək zamanı yaranan işıqlı xətlər daxilində və onların çox yaxın ətrafında temperatur ani olaraq kəskin yüksəlir. Adətən bu halda temperatur Günəşin səthindəki temperaturdan 5-6 dəfə böyük olur və Selsi şkalası ilə 30000 dərəcəyə qədər çata bilir. Səs sürətindən böyük sürətlə hərəkət edən təyyarənin uçuşu zamanı baş verən proseslərə analoji olaraq temperaturun belə kəskin yüksəlməsi nəticəsində işıqlı xətlər ətrafında havanın sürətli genişlənməsi və partlayışı baş verir ki, bu da göy gurultusunun yaranmasına səbəb olur. Havada səsin yayılma sürəti işıq sürətindən çox-çox kiçik olduğuna görə göy gurultusu şimşək işığından bir neçə saniyə sonra bizə gəlib çatır ki, bu da ildırımın bizdən hansı məsafədə çaxdığını müəyyən etməyə, gurultunun davam etmə müddəti isə şimşəyin ölçüləri haqqında fikir yürütməyə imkan verir.
Yer səthi ilə buludlar arasında boşalma zamanı əksər hallarda ildırım uca ağaclara, dəmir yollarında olan transformator qurğularına, müxtəlif çoxmərtəbəli bina və obyektlərə düşərək yanğınlara səbəb olur. Ona görə bir qayda olaraq təsərrüfat obyektlərinin, bina və müxtəlif qurğuların ildırımdan zədələnmə təhlükəsini azaltmaq üçün yerlə birləşdirilmiş ildırım ötürücülərindən istifadə edilir.
Təəssüf ki, bir çox hallarda insanlar da ildırımvurmadan bu və ya digər dərəcədə zərər çəkirlər. Belə ki, ildırım insan həyatı üçün təhlükəli təbiət hadisələri arasında özünəməxsus yer tutur. Fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə ildırımvurmadan ölən insanların sayı daha çoxdur. Hər il dünyada 200 mindən çox insan ildırımvurmadan bu və ya digər dərəcədə xəsarət alır, 3000-ə yaxın (bəzi mənbələrin məlumatlarına əsasən hətta 24 minə yaxın) insan isə ildırımvurma nəticəsində dünyasını dəyişir. İldırımla bağlı ölənlərin sayının artması isə insanların bu təbiət hadisəsindən məlumatsızlığı və kifayət qədər qoruna bilmədiklərini göstərir. Bu isə öz növbəsində təbiətin və ekosistemin qorunması, o cümlədən, insanların maarifləndirilməsi sahəsində silsilə tədbirlərin həyata keçirilməsini tələb edir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də son illər, xüsusilə son aylar ildırımların və ildırımvurma hallarının sayının əhəmiyyətli dərəcədə artması müşahidə edilir ki, bu da baxılan məsələni gündən-günə daha da aktuallaşdırır.
İldırımın təsirinə məruz qalan insanlarda yanıqlar əmələ gəlir, çox vaxt damarlar partlayır, beyinə qansızma olur. İldırım vuran adamlar hətta sağ qalsalar belə, parlaq işığın və güclü zərbənin təsirindən bir müddət sonra gözlərində katarakta, görmə qabiliyyətində ciddi pozuntular və iflic əmələ gələ bilər. İldırım vurmasından sonra bəzi insanlar müvəqqəti, yaxud daimi qulaq ağrısı və görmə problemləri yaşayır. İldırımım sinir sisteminə təsiri nəticəsində yaddaş itkiləri, baş ağrıları, koordinasiya problemləri və ya digər nevroloji problemlər yarana bilər. İldırımvurmadan sonra bir sıra psixoloji problemlərin (stress, qorxu və s.) də yaranma ehtimalı var.
İldırımvurma zamanı ölümün əsas səbəbi ürək qan-damar sisteminin və tənəffüs mərkəzinin fəaliyyətinin dayanmasıdır. İldırımvurma zamanı zərəçəkmiş adamı mümkün qədər qısa müddətdə yaxınlıqdakı xəstəxanaya və ya müvafiq tibbi mərkəzə çatdırmaq lazımdır. Bu mümkün olmadıqda isə təcili yardım çağrılmalı, ürək və tənəffüs fəaliyyəti pozulduğuna görə, ölüm hallarının qarşısının alınması üçün həkim gələnə qədər reanimasiya tədbirləri görülməli, zərərçəkmişin ürəyi masaj edilməli, süni tənəffüs və zəruri hallarda isti çay və ağrıkəsici dərmanlar verilməlidir.
İldıırımvurma zamanı ilk anlarda heç bir simpton müşahidə edilmədikdə belə, zərərçəkmiş adamı mütləq həkim nəzarətindən keçirmək lazımdır, çünki bəzi hallarda ildırımvurma zamanı bir sıra daxili orqanlarda yaranan travmalar bir neçə saatdan və hətta bir neçə gündən sonra özünü büruzə verə bilər.
Bəs ildırımdan qorunmaq üçün nə etmək lazımdır?
İldırımdan qorunmağın Fövqəladə Hallar Nazirliyi tərəfindən də dəstəklənən aşağıdakı yolları təqdim edilir:
- yağışlı-şimşəkli havada mənzildə olduqda qapı və pəncərələri bağlayın;
- elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın;
- radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın;
- bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir;
- təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir;
- açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu, ildırımvurma riskinin olması deməkdir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur (bu, "embrion vəziyyəti" adlanır);
- yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur;
- güclü yağışlı, şimşəkli havada açıq sahələrdə qalanlar üçün ən təhlükəsiz yer avtomobilin içi və ya digər bağlı metal konstruksiyalardır. Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radioantenanı endirin və avtomobildə oturarkən onun metal hissələrinə toxunmayın;
- təhlükə vaxtı avtomobili ağac altında saxlamayın;
- mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur;
- meşədə açıq sahədə çadır qurmayın;
- islanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır, şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin;
- təhlükə vaxtı üstü açıq nəqliyyat vasitələrini tərk edin;
- açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir;
- yağışlı, ildırımlı havada bayırda və evdə telefonla danışmayın;
- təhlükə vaxtı dəmir yolunun yaxınlığında dayanmayın;
- dənizdə çimirsinizsə və ya qayıqdasınızsa dərhal sudan sahilə çıxmağa çalışın;
- traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı dayanın;
- Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın.
Son olaraq ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının cari ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) da ətraf mühitin mühafizəsi, ekosistemin saflaşdırılması və iqlim dəyişmələri ilə mübarizə istiqamətində əhəmiyyətli tohfələr verəcək. Şübhə etmirik ki, bu sessiyada qəbul ediləcək qərarların icrası digər dağıcı təbiət hadisələri ilə yanaşı, çoxsaylı insanların vəfatına və müxtəlif dərəcəli xəsarətlər almasına səbəb olan ildırımların da illik sayının azalmasına və ya ən azı stabilləşməsinə səbəb olacaq.
Aydın KAZIMZADƏ
Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü
https://525.az/news/267253-ildirimdan-nece-qorunmali--aydin-kazimzade-yazir