III Məktəblilərarası Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır. 2016-cı ildən etibarən Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə təşəbbüsü ilə məktəblilər üçün astronomiya yönümlü proqramların təşkil edilməsinə start verilib.
Olimpiada Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə baş tutub. Yarışda ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri astronomiya üzrə bilik və bacarıqlarını sınayıb. Bu il 592 nəfər şagird qeydiyyatdan keçib.
Mükafatlandırma mərasimində Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov, BDU-nun Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva, Azərbaycan Respublikasının Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin baş mütəxəssisi Qorxmaz Mustafayev, Tusi-Bohm Planetariumunun rəhbəri Famil Mustafa iştirak ediblər.
Sonda qaliblər medal və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.