“İdmançı üçün təhsil rəqibindən 1-0 öndə olmaq deməkdir” - UĞUR HEKAYƏSİ
Sabah “Beynəlxalq Əlillər Günü”dür. Təhsildə sağlamlıqlarının yaratdığı məhdudiyyətlərə baxmayaraq, məqsədinə çatanlar çoxdur. “Azərbaycan müəllimi”nin də bu səhifəsinin qonağı məhz onlardır, məhəccərsiz pilləkanı təkbaşına çıxa bilməyib, təhsildə pillə-pillə yüksələnlər...
“İdmançı üçün təhsil rəqibindən 1-0 öndə olmaq deməkdir”
Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan Zeynalovlar ailəsində bir körpə dünyaya gəldi. Adına Talib dedilər. İstədilər ki... Ata-ananın istəyi, arzusu bitməz, tükənməz. Hərbçi atası oğlu üçün nə xəyallar qurdu. Halbuki 10 günlük körpəsini əməliyyat etdirmək onların arasında yox idi.
Artıq tələbə olan bu cavan oğlan Talib Zeynalovdur. Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyur. İlk təhsilinə 284 nömrəli tam orta məktəbdə başlayıb. VIII sinifdən təhsilinə 314 nömrəli tam orta məktəbin şagirdi olaraq evdə davam edib. Məktəbin müəllimləri 7-8 nəfər sağlamlıq imkanları məhdud uşaq kimi ona da evdə dərs deyib.
Məktəb illərində də əməliyyatları davam edib. Ard-arda keçirdiyi 4 əməliyyat onu dizində yaranan qığırdaq çürüməsi problemindən xilas etməyə yetməyib və II qrup əlilliyinə qədər gətirib çıxarıb: “Dördüncü əməliyyatım Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə 2017-ci ildə oldu. Beşinci dəfə də əməliyyat olunmalıyam”.
Talib xəstəliyi ilə mübarizə şəraitində həyata tutunmağı, dizində taqət olmadan da ayaqda qalmağı öyrənib.Sadəcə ayaqda qalmağımı? O, hətta ağırlıq qaldıraraq çempion olub.
2019-cu ildən parapauerliftinq üzrə yarışlara qatılmağa başlayıb. Yarışlarda qalib olmağı öyrənib, öz rekordunu özü təzələyib: “Bu idman növü ilə məşğul olmağa başlayandan az sonra məşqçim İlqar İbişov mənim bacarığımı gördü və qiymətləndirdi. Qısa zamanda onun qoyduğu tələbi artıqlaması ilə yerinə yetirirdim. Məşqçimin üzərimdəki əməyini hər zaman qiymətləndirirəm. Yarışlara da məni o hazırladı, o çıxardı.İndiki baş məşqçimiz Elşən Hüseynov isə zalda məşqimi görüb bacarığımı qiymətləndirdi və fiziki məhdudiyyətli olduğuma görə məni Paralimpiya Kompleksinə dəvət etdi”.
Yarışlara da elə bu idman növü ilə məşğul olmağa başladığı ildən qatılıb. Biləyinin gücünü məşqçilərinin istiqamətləndirməsi ilə ilk dəfə Uşaq Paralimpiya Oyunlarında sınayıb və V Uşaq Paralimpiya Oyunlarının qalibi olub. Növbəti yarışda pandemiya bitdikdən sonra iştirak edib. Bu iştirak da ona qələbə gətirib və növbəti Uşaq Paralimpiya Oyunlarında 15-17 yaşlılar arasında birincilik qazanıb. Hələlik sonuncu uğuru 2 ay əvvəl - sentyabrın 24-28-də Gürcüstanda keçirilən Açıq Avropa Çempionatına aiddir. Talib əvvəlcə 151 kilo qaldıraraq rus idmançısının, sonra isə 158 kilo ilə özünün rekordunu yeniləyərək yenə birincilik əldə edib. Çempionatın “107+” kateqoriyasında gənclər arasında çempiondur. Yarışdan vətənə 4 qızıl medalla qayıdıb. Ona 2 medal birinciliyinə, 2 medal da rekordlarına görə verilib. Sumqayıt şəhərindəki Paralimpiya Kompleksində məşqlərə davam edir və 2023-cü ildə keçiriləcək dünya çempionatına hazırlaşır. Paralimpiya Komitəsi nəzdində fəaliyyət göstərən milli yığmanın üzvü olan Talib üçün parapauerliftinq, sadəcə bir məşğuliyyət, əlavə bacarıq deyil, əsas məqsəd, hədəf, gələcək deməkdir.
Bəs, universitet? Talibin sözlərinə görə, tarix də onu çox maraqlandırır. Amerikaşünaslıq ixtisasını seçib, çünki Amerikaya marağı elə tarixə olduğu qədərdir. Amerikada olmaq, orda yarışmaq xəyallarından biridir: “Tarixi mənə tarix müəllimim sevdirib, Ramal müəllim. X sinifdə oxuyurdum tarixə marağım yarananda. Elə bu maraq da universitet və ixtisas seçimimə təsir etdi. Gələcəyimi idmanla bağlamaqda qərarlı olsam da, təhsilin hər kəs üçün önəmli olduğunu bilirəm. Hələ idmançı üçün təhsil rəqibindən 1-0 öndə olmaq deməkdir”.
Talib, sadəcə özü üçün yaşayan, uğur qazananlardan deyil: “Olduğum ortamlarda mənim kimilərə diqqət edirdim. Xüsusən bərpa mərkəzində mənim kimi, hətta məndən daha ağır vəziyyətdə olanlarla tanış oldum. Hər şeydən əlini, həyatdan ümidini üzənləri gördüm. Təhsilim, uğurlarım başqalarına da ümid olsun istəyirəm, insanlar mənə baxıb özünün də qazanacağına inansın. Çalışıram başqaları üçün motivasiya mənbəyi olum”.
“Məktəbi, şagirdlərimi heç nəyə dəyişmərəm”
Elnarə Ramazanovanın bəxti o hələ ana bətnində olanda gətirməyib: “Anam hamiləykən bərk qorxu keçirib və bu, ana bətnində serebral iflic keçirməyimə səbəb olub. Sonra doğuş zamanı problem yaranıb və ayağımda çıxıq əyripəncəliklə nəticələnib”.
Bu qədər ağır zərbələrdən sonra yeriməsi 3 yaşına, oxumağa başlaması isə 9 yaşına çəkib. Məktəbə də təsadüfən gedib: “Atamın maşını yox idi. Hər gün məni məktəbə aparıb-gətirə bilməyəcəkdi. Həm də düşünüblər ki, qızam, oxumağıma ehtiyac yoxdur. Evimizin yaxınlığında mənim kimi uşaqlar üçün şəraiti olan bir məktəb olduğundan da xəbərsiz olublar. Bir gün anamla mənə ayaqqabı almağa getmişdik. Sənubər adlı müəllimlə təsadüfi qarşılaşmağımız mənim həyatımı dəyişdi. İndiki kimi yadımdadır. O oxumağımla maraqlandı. Oxumadığımı eşidəndə anama internatda mənim kimilər üçün şərait olduğunu dedi və valideyinlərim məni həmin 16 nömrəli internata qoydular”.
V sinfə kimu orda oxuyan Elnarə Ramazanova bir gün eşidib ki, sevimli riyaziyyat müəllimi işdən çıxıb: “Evdə ağlayıb israrla artıq o məktəbə getmək istəmədiyimi dedim. Çünki mən də qardaşımın oxuduğu məktəbdə təhsil almaq istəyirdim. Riyaziyyatım əla idi, dərslərimi yaxşı oxuyurdum. Məcbur olub anam məni internatdan çıxarıb Şüvəlandakı məsafəcə daha uzaq məktəbə - İlqar Muradov adına 237 nömrəli məktəbə apardı. Direktor əvvəlcə sağlamlıq imkanlarımın məhdud olduğunu nəzərə alıb məni məktəbə götürmək istəmədi. Yolun məni yoracağını düşünürdü. Sözümdən dönmədiyimi görüb güzəştə getdi. Amma sənədlərimi götürmədi, yorulub məktəbə getməkdən imtina edib-etməyəcəyimi gözləmək qərarına gəlmişdi. Amma mən yorulmadım və onu məni həmin məktəbə qəbul etməyə məcbur etdim”.
Amma Elnarənin qarşısına yeni məktəbdə yeni problemlər çıxıb. Bu, yol yorğunluğu kimi sadə problem olmayıb: “Məktəbdə qarşılaşdığım münasibət fərqli oldu. Əlilliyimə görə məndən çəkinirdilər. Ona görə də uşaqlarla münasibət qurmaq ilk vaxtlar çətin oldu”.
Ancaq sonra o öz bilik və bacarığı ilə münasibəti dəyişməyə nail olub. Qısa müddət sonra bütün müəllimlərinin sevimlisi olmağı bacarıb: “Riyaziyyat və fizikaya yeni məktəbimdə yenidən aşiq oldum, təbii ki, müəllimlərim sayəsində”.
Bir göz qırpımında axan zaman onu yox, ailəsini yenidən çətin qərar qarşısında qoyub. 11 il əvvəl məktəbə qoymağa üşəndikləri qızı bu dəfə universitetə göndərməyə tərəddüd edirdilər. Yenə onları düşündürən əsas amil bu qızın universitetə necə gedəcəyi idi...
Onlar bilmirdilər, amma o qız özü bilirdi nə istədiyini, müəllim olacaqdı. Bu dəfə də israr etdi və qalib gəldi. Bu qələbəsində ən böyük təkanı isə müəllimləri verdi. Dediyinə görə, xüsusən fizika müəlliminin atası ilə söhbəti təsirli olub: “Fizika müəllimim atamla danışdı. Dedi ki, bu qızın oxumaqdan, təhsil alaraq bir peşəyə yiyələnməkdən başqa çarəsi yoxdur. Öz ayaqlarım üstündə dura bilməyim üçün bunun vacib olduğunu atama izah edərək, onu razı saldı”.
Hardan biləydilər ki, “Qızdır, oxumağına o qədər də ehtiyac yoxdur”, deyib məktəbə belə göndərmədikləri o qız taleyini məktəblə bağlayacaq, minlərlə qıza təhsil verəcək? “Yol yorğunu olar”, - deyib yaxınlıqda məktəb axtardıqları Elnarə böyüyüb müəllimlikdə illərdir davam edən uzaq yol yolçusu olacaq?
Bu yol Qala qəsəbəsindən başladı. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Fizika müəllimliyi” ixtisası üzrə bakalavr təhsilini tamamlayıb 2003-cü ildən fizika müəllimi kimi işə başlayan Elnarə Ramazanova dərs demək üçün əvvəlcə Qala qəsəbəsinə gedib: “92 nömrəli tam orta məktəbdə işləyə-işləyə magistraturaya qəbul olundum. Səhər saat 8-də məktəbə gedirdim, 2 saat sonra universitetə”.
Məktəb, dərslər, sonra... Bu rejim indi də davam edir. Elnarə müəllim deyir ki, o, gün ərzində daha çox müəllim olur, nəinki ana. Belə görünür, 6 yaşlı balası məktəb yaşına çatıb fizika-riyaziyyat öyrənməyə başlamadan müəllim anasının üzünü görə bilməyəcək. Çünki şagirdləri onun üçün hər zaman bir addım irəlidədir: “Universitetdə müəllimlərim qalıb təhsilimi davam etdirməyimi, orda işləməyimi istəyirdilər, amma mən məktəbə qayıtdım, çünki məktəbi, şagirdlərimi heç nəyə dəyişmərəm”.
İlk dərs gününü, ilk dəfə dərs keçdiyi sinfin şagirdlərini də xatırlayır: “Həmin sinfə məni direktor müavini təqdim etdi. O gündən şagirdlərimlə bir-birimizi sevdik. Onlarla əlaqələrim indi də davam edir. Mənimlə danışır və mənə “Nə yaxşı ki, bizim müəllimimiz olmusunuz”, - deyirlər. Aralarında xaricdə təhsil alanlar belə var”.
Elnarə müəllim hazırda Şüvəlandakı 230 nömrəli tam orta məktəbdə işləyir. Dünyaya öyrətmək üçün gəldiyinə inanır: “Sevgini qazanmaq çətindir, amma qazanandan sonra şagird-müəllim münasibətləri asanlaşır. İnsan bu dünyaya gəlişinin səbəbini anlayanda xoşbəxt olur, deyirlər. Mən dünyaya öyrətmək üçün gəlmişəm. Uşaqları öyrətməkdən zövq alır, onların öyrəndiklərini, nəticələrini görüb qürur duyuram. Uşaqlıqdan müəllim olmağı arzulamışam. Amma indi görürəm ki, sadəcə müəllim yox, sinifdə həm də bir mühəndis, həkiməm. Şagirdlərim hansı ixtisasa qəbul olunsa, özümü həmin ixtisasda təhsil alırammış kimi hiss edirəm”.
Elə bir bağ qurub ki, bu sayədə şagirdləri onu fərqli görmür, o şagirdlərinin baxışında öz fərqini anlayır: “Hər dəfə mühitimi dəyişəndə ilk 2-3 ay həyatımın ən çətin dövrü olub. Adaptasiyamı çətinləşdirən isə üzərimdə hiss etdiyim baxışlar idi. Hamı mənə birtəhər baxırdı. Məktəb dəyişəndə, universitetə gedəndə bu münasibəti hiss etdim. Hələ də ilk dəfə dərsinə girdiyim şagirdlərimin qəribə baxışları ilə qarşılaşacağımı düşünürəm. Amma görürəm ki, bu, mənə belə gəlir, uşaqların üzündə qəribə baxışları görmürəm. Əksinə, valideynlər uşaqlarına məhz mənim dərs deməyimi istəyir, bunu da uşaqların məni sevməyi ilə əsaslandırırlar. Bunu eşitmək qədər xoşbəxt olduğum başqa bir şey yoxdur”.
Elnarə müəllimin indi ən böyük çətinliyi binalarda məhəccəri olmayan pilləkanlardır: “Tutub qalxmağa məhəccər olmayan pilləkanlarda məcbur olub dayanıram. Hər dəfə kimdənsə kömək ummağa utanıram”.
Karyera pilləsində də daha yuxarı pillələrə qalxmaq keçir könlündən: “Fiziki məhdudiyyətim üzündən Şüvəlandan kənara çıxa bilmirəm. Çünki artıq avtobusa minib-düşə bilmirəm. Halbuki təlimlərə qatılmaq, seminar və konfranslarda iştirak etmək, yeniliklərdən xəbərdar olmaq istəyirəm. Müəllim daim inkişaf etməlidir, axı”.
Kitab oxumağı sevir, dünya ədəbiyyatını mütaliə edərək dincəlir. Ən böyük arzularından biri də məhz bununla bağlıdır: “Evim balacadır, bunu edə bilmirəm, amma ən böyük arzum evimdə şəxsi kitabxanamın olmağıdır”.
“Əlillik şagirdlərimi sevməyimə əngəl yaratmır”
- 2007-2009-cu illərdə xərçəng xəstəliyi ilə mübarizə apardım. Xərçəngi yendim, amma bu qələbə mənə ayağım bahasına başa gəldi. Həkimlər “Xilas olmaq istəyirsənsə, ayağın amputasiya olunmalıdır”, - deyəndə, sanki dünya başıma fırlandı, mənən çökdüm, çox pis oldum. Amma çarə yox idi. Yaşamaq üçün bu itkini gözə almalı idim. 2009-cu ilin dekabrında əməliyyat olundum. Gözümü açanda yanımda yaxınlarımla yanaşı, iş yoldaşlarımı, dostlarımı, sevənlərimi, bütün sevdiklərimi gördüm. Mən nikbin insanam, o günlərdə hamıya təsəllini də mən özüm verdim. Sevgi ilə bəsləndim, ondan güc alıb ayağa qalxdım. Düz 6 ay sonra, “Son zəng” günü “yeni ayağımla” yenidən şagirdlərimin yanında idim”.
Bu da Xətai rayonu M.Hacıyev adına 116 nömrəli tam orta məktəbin müəllimi Nərmin Əhmədovanın həyatını dəyişən xatirə, həyatına II qrup əlil olaraq davam etməsinin səbəbi olan hekayə. Bəlkə həyatını dəyişib, amma müəllimliyini, müəllimliyə münasibətini, şagirdlərinə sevgisini dəyişə bilməyib bu hadisə. Sağlamlığı məhdudlaşıb, dünyaya baxışı yox. Yenə hər gün evindən məktəbə getmək üçün çıxır, eyni həvəslə məktəbə tələsir, sevimli şagirdlərinə bilik verir, xarici dil bacarığı aşılayır.
1983-cü il doğumlu müəllimin məktəblə ilk tanışlığı Xətai rayonundakı 269 nömrəli təhsil müəssisəsindən başlayıb. Hərfi, rəqəmləri də, elə özünü də burada tanıyıb. 1999-cu ildə məktəbi bitirib statusunu dəyişib. Təhsilə tələbə olaraq davam edib. Azərbaycan Dillər Universitetinin İngilis dili filologiyası fakültəsində bakalavriatı uğurla tamamlayıb və məktəbə qayıdıb. Bu dəfə müəllim kimi: “2003-cü ildə universitetdən məzun olar-olmaz müəllim kimi fəaliyyətə başladım. Düz 20 il əvvəl idi. İlk dəfə sinfə girdiyim an belə yadımdadır. Çox həyacanlı idim.Necə həyəcanlanmayım?! O günü xatırlayanda indi də eyni hissləri yaşayıram. Çünki müəllimliyi ilk günkü həyəcanla sevirəm”.
Onu bu məktəbə bağlayan sevgi, yalnız özünün müəllimliyə olan həvəsi olmayıb. Eyni istiliyi həmkarlarından da alıb. Məktəbin daha təcrübəli müəllimləri 20 yaşlı müəllimə öz çətin peşəsinin öhdəsindən gəlməkdə hər cür kömək ediblər. Sevərək ona sevib-sevilməyi, öyrədə-öyrədə öyrənməyi öyrədiblər: “Aldığım peşəkar dəstək sayəsində mən də özümü şagirdlərimə sevdirməyi bacardım. Hər birinin hörmətini, sevgisini qazandım. Sevgidən ürəklə danışıram, çünki sevildiyimə əminəm. Əminliyimi isə xəstəliyim təmin etdi. Bu sevgi sayəsində amansız xəstəliyə qarşı müqavimət göstərə bildim, bu sevgi itirdiyim ayağımı əvəz etdi”.
Hiss etdiyi sevgi bəzən əlil olduğunu belə unutdurur ona. Kurslarda, seminarlarda iştirak edir. Şagirdləri üçün özünü inkişaf etdirir. Bu məqsəd üçün hətta İngiltərəyə belə gedib çıxıb: “2015-ci ildə Təhsil Nazirliyi və British Council-ın təşkilatçılığı ilə İngiltərədə Canterbury Christ Church Universitetində “Teacher Developing” təlimdə iştirak etdim. Bu təlim mənə bir çox üstünlüklər qazandırdı, bir çox yeniliklərdən xəbərdar oldum”.
Müəllimlərlə peşəkar səfərə o qədər uzağa getsə də şagirdləri ilə qısamüddətli, qısaməsafəli planlar cızır: “Şagirdlərimi çox sevirəm, məktəbdən əlavə də onlarla vaxt keçirirəm. Təbiət qoynuna ekskursiyalara, kinoya, tədbirlərə gedirik. Əlillik onlarla vaxt keçirməyimə, şagirdlərimi sevməyimə əngəl yaratmır”.
O, yaşadığı ömrün fərqindədir. Bu, bir müəllim ömrüdür: “İnanıram ki, mənim hekayəm də çoxlarına stimul olacaq, onları ruhlandıracaq” , - deyən Nərmin müəllimin özünə ən böyük arzusu nədir, bilirsiniz?
“Peşəmi çox sevirəm. Hərdən zarafatla yoldaşlarıma deyirəm, düz 34 ildir ki, sentyabr səhəri durub məktəbə gedirəm, 10 il orta məktəbə şagird kimi, 4 il ali məktəbə tələbə kimi, 20 ildir ki, müəllim kimi. Bundan sonra da sağlam canla məktəbə getmək ən böyük arzumdur”.
Bu böyük arzunu yaşadan, ildən-ilə böyüdən isə yenə də sevgidir, şagirdlərinə, bir də X sinifdə oxuyan məktəbli oğluna olan böyük sevgisi.
https://muallim.edu.az/news.php?id=22993#prettyPhoto
Ruhiyyə DAŞSALAHLI