Əməkdar jurnalist Elşad Eyvazlı BDU-da “Elektron media” mövzusunda mühazirə deyib
Əməkdar jurnalist, “Modern.az” İnformasiya Agentliyinin baş direktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri üçün Elektron nəşrlər fənnindən "Elektron media" mövzusunda mühazirə deyib. Elşad Eyvazlı mühazirəsində əvvəlcə ənənəvi media ilə elektron media arasında müqayisəli təhlillər aparıb, onların fərqli və üstün tərəfləri barədə prinsipal məsələləri şərh edib. Natiq ötən əsrin sonlarından başlayaraq dünyada yeni media növünün - elektron medianın meydana gəldiyini və onun tez bir zamanda müxtəlif parametrlər üzrə ənənəvi mətbuatı üstələdiyini diqqətə çatdırıb. Elektron medianın informasiyanın həm məzmun, həm forma baxımından təqdim olunmasına və xüsusilə operativliyinə görə geniş imkanlara malik olduğunu bildirib. Mühazirədə elektron media resurslarında multimedia komponentlərinin yer almasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, müasir dünyada informasiyanın məzmunu ilə yanaşı, onun təqdim olunma formasının vacibliyi qeyd olunub.
Ölkəmizdə elektron medianın sürətlə inkişaf etdiyini bildirən məruzəçi yeni media növünün müxtəlif seqmentləri ilə bağlı detallı informasiyaları tələbələrin nəzərinə çatdırıb. Elşad Eyvazlı eyni zamanda bu sahədə olan problemlərdən də bəhs edib. Xüsusilə elektron mediada bir çox hallarda dəqiqləşdirilməmiş informasiyaların yer alması, ənənəvi mediadan fərqli olaraq burada dezinformasiyanı yayanların adətən məsuliyyətdən kənarda qaldıqları bildirilib.
Dərs zamanı həmçinin tələbələrə mövzu ilə bağlı praktiki tapşırıqlar verilib və onların nəticələri müzakirə olunub.
Elşad Eyvazlının mühazirəsi geniş diskussiyaya səbəb olub. Əməkdar jurnalist tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.