BDU və “PAŞA Sığorta” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bu gün Bakı Dövlət Universiteti (BDU) və “PAŞA Sığorta” ASC arasında gənclərin peşəkar inkişafı istiqamətində tədbirlərin təşkilinə dair əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum tərəflərin fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində birgə əməkdaşlıq məsələlərini əhatə edir. Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, BDU tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır. Eyni zamanda, BDU-nun tələbə kontingenti üçün “PAŞA Sığorta” tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması və “PAŞA Sığorta” əməkdaşlarının BDU-da qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.
Memorandumda “PAŞA Sığorta” tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində BDU tələbələrinin “PAŞA Sığorta”nın təşkilatçılığı ilə şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur.
Əməkdaşlıq memorrandumunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və “PAŞA Sığorta” ASC-in İdarə Heyətinin sədrinin müavini Tural Əliyev imzalayıblar.
Qeyd edək ki, ölkəmizdə lider sığorta şirkəti olan “PAŞA Sığorta” ASC müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.