BDU tələbələri SABAH bilik yarışlarının qalibləri sırasında
Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində təhsil, İT və mühəndislik üzrə bilik yarışları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov SABAH qrupları çərçivəsində təşkil edilən bilik yarışlarını tələbələrin inkişafında, onların təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində və peşəkar kadr kimi yetişmələrində mühüm addım kimi dəyərləndirib. Nazir müavini Vətən müharibəsində qazanılan qələbədə elm və texnologiyanın mühüm rolundan danışaraq gələcəyimizin təhsilin inkişafı və innovasiyalar üzərində qurulmasının vacibliyini vurğulayıb. Firudin Qurbanov yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq, sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaq üçün tələbələrin bilik, bacarıq və müvafiq vərdişlərini daim inkişaf etdirməli olduqlarına diqqət çəkib.
Firudin Qurbanov çıxışının sonunda qaliblərə uğurlar arzulayıb.
Daha sonra qaliblər təltif edilib.
Qeyd edək ki, təhsil üzrə bilik yarışmasının final mərhələsində I yerin qalibi BDU SABAH qruplarının Riyaziyyat müəllimliyi ixtisası üzrə tələbəsi Fidan Cəbrayıllı, III yerin qalibi isə Tarix müəllimliyi ixtisasının tələbəsi Şaiq Mədətov olub. İT üzrə bilik yarışmasının final mərhələsində isə BDU-nun SABAH qruplarının “CodeNinja” və “SABAH Tech” komandaları II yerə, “OneZero” komandası isə III yerə çıxıb.
Sözügedən bilik yarışları istedadlı tələbələrin aşkar edilməsi, tələbələrin elmi-yaradıcı təşəbbüslərinin artırılması, onların sağlam rəqabət şəraitində elmi araşdırma fəaliyyətinə təşviq edilməsi və müvafiq ixtisaslar üzrə müxtəlif ali təhsil müəssisələrinin SABAH qrupları tələbələrinin inteqrasiyası məqsədilə təşkil olunub.