BDU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş
Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Görüşdə BDU-nun rektoru Elçin Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, eləcə də Universitetin professor-müəllim heyəti və 500-ə yaxın tələbəsi iştirak edib.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində xalqımızı 30 ilə yaxın həsrətlə gözlədiyi Qarabağ torpaqlarına qovuşdurdu, ərazi bütövlüyümüzü bərpa etdi: “Azərbaycan müharibə bitəndən cəmi bir neçə gün sonra dərhal azad edilmiş torpaqlarda fantastik bir templə quruculuq-yenidənqurma işlərinə başladı. Təsadüfi deyil ki, Azərbaycanın postmüharibə dövründə inkişafla bağlı təcrübəsi bir çox dünya dövlətləri tərəfindən öyrənilir”.
Rektor Qarabağ Dirçəliş Fondunun azad edilən torpaqlarımızın bərpası ilə bağlı mühüm vəzifələr yerinə yetirdiyini və bu prosesin əsas hərəkətverici qüvvəsinin gənclər olduğunu deyib: “Azərbaycan bu işləri yeni konsepsiya ilə həyata keçirir. Azad edilmiş ərazilərimizdə yeni massivlər salınır, kəndlər, şəhərlər tikilir, yaşıl enerjiyə üstünlük verilir, tarixi-mədəni abidələrimiz bərpa olunur, infrastruktur yenidən qurulur. Qarabağımız çox qısa bir müddətdə Azərbaycanın ən güclü iqtisadi zonalarından birinə çevriləcək. Bakı Dövlət Universiteti də azad edilmiş ərazilərimizdə elm və təhsilin inkişafı ilə bağlı bir neçə layihə təklif edib. Ümid edirəm ki, biz bu layihələri həyata keçirəcəyik”.
Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ideya müəllifi olduğu “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyət istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Rəhman Hacıyev işğaldan azad edilən ərazilərdə ermənilərin törətdikləri dağıntıların, ölkəmizə vurulan zərərin miqyasının həddindən artıq böyük olduğunu diqqətə çatdırıb. Dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir: “Birgə atacağımız addımlar həm dövlətin yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq hazırda həmin ərazilərdə ciddi bərpa-quruculuq işləri aparılır, yeni yollar, hava limanları tikilir, infrastruktur bərpa olunur. Lakin nəzərə alınmalıdır ki, dağıntıların aradan qaldırılması, yaşayış məntəqələrinin, infrastrukturun bərpası böyük vəsait və müəyyən vaxt tələb edən bir prosesdir. Tarixə nəzər saldıqda görərik ki, insanların həmrəy olması, səylərin birləşdirilməsi qısa bir zaman kəsiyində qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir. Məsələn, Birinci və İkinci Dünya müharibələri zamanı Avropa şəhərlərinin bir çoxu ciddi dağıntılara məruz qalmış, bəziləri demək olar ki, yer üzündən silinmişdi. Buna baxmayaraq, insanlar birləşərək qısa bir zamanda həmin şəhərləri yenidən bərpa etdilər. Onlar bunu həm də ABŞ-ın köməyi ilə etdilər. Azərbaycan isə bütün bu işləri öz gücü, öz imkanları hesabına görür. Buna görə də hər birimiz dövləti dəstəkləməli, həmrəylik nümayiş etdirərək Qarabağın bərpasında yaxından iştirak etməliyik”.
Rəhman Hacıyev işğaldan azad olunan ərazilərdə Fondun dəstəyi ilə həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib.
Qarşıya qoyulan məqsədlərə çatmaq, Qarabağı daha tez bərpa etmək üçün ianəçiliyin təbliğinin vacibliyini qeyd edən İdarə Heyətinin sədri bərpa prosesində tələbələrin, gənclərin rolundan da danışıb: “Bu günün tələbələri sabahın mütəxəssisləri, iş adamları, investorlarıdır. Onlar mühüm vəzifələr tutmaqla ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edəcək və azad olunan ərazilərin bərpasına öz töhfələrini verəcəklər. Buna görə də tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir”.
Daha sonra çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov gənclərlə analoji görüşlərin silsilə şəklində keçirilməsinin vacibliyini qeyd edib, onların Qarabağın bərpasına öz töhfələrini verəcəklərinə əminliyini bildirib.
Çıxışlardan sonra 2 saatdan artıq davam edən görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tədbir iştirakçıları tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.
Qeyd edək ki, yarandığı gündən indiyədək bir çox təhsil müəssisəsi Qarabağın bərpasına dəstək göstərmək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib. Bu təhsil müəssisələrindən biri də BDU-dur. Fondla Universitet arasında əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin, tədbirlərin təşkil olunması planlaşdırılır.