BDU Tələbə Elmi Cəmiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dair silsilə seminarları başa çatıb
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarları başa çatıb.
Yekun elmi seminarda Filologiya, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tarix fakültələrinin tələbələri mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Fidan Orucova Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və ölkənin qlobal istiləşməyə qarşı mübarizədə fəal rol oynadığını bildirib. Məruzəçi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP-29) Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizdə yeniliklərə təkan verəcəyini deyib.
Tarix fakültəsinin tələbəsi Aynur Məmmədova “Azərbaycan xalçaları və yaşıl dünyamız” adlı məruzə ilə çıxış edib. O, Azərbaycanın qədim peşə sahələrindən biri olan və xalçadakı iplərin hazırlanmasında önəmli yer tutan boyaqçılıq sənəti və onun Azərbaycan etnoqrafiyasında rolu ilə bağlı məlumat verib.
Şərqşünaslıq fakültəsinin tələbəsi Nəzrin İbrahimova Şərq dillərində təbiət leksikasının əsas məqamlarından danışıb, Nizaminin, Nəsiminin təbiət motivli şeirlərini geniş təhlil edib.
İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi Nəbibə Məmmədzadə “Yaşıl dünya naminə həmrəylik ili və kitabxanaların hədəfləri” adlı məruzəsində yaşıl kitabxana anlayışı, bu konsepsiyanın kitabxana-informasiya fəaliyyətində özəlliyi ilə bağlı məlumat verib. Məruzədə yaşıl kitabxanaların missiyası, arxitekturası və funksiyaları müasir elmmetrik səviyyədə təqdim olunub.
Filologiya fakültəsinin tələbəsi Nigar Xanəliyeva “Azərbaycan ədəbiyyatında təbiətin tərənnümü” adlı məruzəsində poeziya və nəsrimizdə Azərbaycanın gözəl təbiətini vəsf edən bədii təsvir vasitələrindən söz açıb.