BDU rektoru “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib
İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib.
Festival-konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib və önünə güllər düzüblər. Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.
Zəngəzur Milli Parkında, Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib.
Bakı Dövlət Universiteti (BDU) festival-konqresə tərəfdaş qurum kimi qatılıb. BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti festival-konqresdə iştirak edib.
Festival-konqresin plenar iclasında açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlar əsasında ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub və bu istiqamətdə tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, xalqımıza qarşı törədilmiş haqsızlıqlara bir daha nəzər salmaq fürsəti yaradacaq.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu mühüm tədbir Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunmuş sanballı ictimai-mədəni müzakirə platforması rolunu oynayır: “Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. Məktəblilər arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadası davam etdiriləcək, silsilə maarifləndirmə tədbirləri, Gənc Müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumu təşkil olunacaq, Qərbi Azərbaycan mövzusunda elmi araşdırmalarla bağlı qrantların verilməsi nəzərdən keçiriləcək”.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təsisçisi, professor Mahirə Hüseynova, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma çıxışlarında bu ağrılı problemin gündəmə çevrilməsində, yüz minlərlə insanın tarixi Vətəninə qovuşmaq istəyini müxtəlif yerli və beynəlxalq təşkilatların platformalarından dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi ardıcıl dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış tək qərbi azərbaycanlıların və Azərbaycan Respublikasında yaşayan 10 milyon soydaşlarımızın məsələsi deyil. Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bir çox məqamlarda bütöv Türk dünyasının məsələsidir.
Festival-konqres çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar. Olimpiadanın final mərhələsində iştirak edən 36 nəfərdən 19-u qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb.
Qaliblərə diplom və hədiyyələri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, BDU-nun rektoru Elçin Babayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma və digərləri təqdim ediblər.