BDU-nun şəhid məzunları Şəhriyar Həbibi və Fikrət Zeynallının məzarları ziyarət olunub
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin əməkdaşları fakültənin məzunları olan Vətən müharibəsi şəhidləri Səhriyar Həbibi və Fikrət Zeynallının xatirəsini anıblar.
Fakültə əməkdaşları tərəfindən Şəhriyar Həbibinin Lənkəranın Osaküçə, Fikrət Zeynallının Tovuzun Aşağı Öysüzlü kəndlərində yerləşən məzarları ziyarət olunub.
Fakültənin müəllimləri Şəhriyar Həbibi və Fikrət Zeynallı barədə xatirələrini bölüşüb, BDU rəhbərliyi tərəfindən şəhid məzunların xatirələrinin həmişə əziz tutulduğunu bildiriblər. Daha sonra fakültə əməkdaşları Osaküçə kəndinin mərkəzində Şəhriyar Həbibinin xatirəsinə ucaldılan abidəni, Aşağı Öysüzlü kəndində isə Fikrət bulağını ziyarət edib, şəhidlərin ailələrinə baş çəkib, onların ev muzeyləri ilə tanış olublar.
Qeyd edək ki, Şəhriyar Həbibi 2010-2014-cü illərdə Fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində şücaət göstərib, 2020-ci il noyabrın 6-da Qubadlı döyüşlərində həlak olub. Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Fikrət Zeynallı 2012-2016-cı illərdə Fizika fakültəsində təhsil alıb. Vətən müharibəsində Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Fikrət Zeynallı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.