BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşının ingilis dilində dərs vəsaiti nəşr olunub
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədovun ingilis dilində yeni dərs vəsaiti nəşr olunub. “Azərbaycanda kitab və kitabxana tarixi” (“History of books and libraries in Azerbaijan”) adlı kitabın elmi redaktorları kitabxanaşünaslıq və informasiya elmləri üzrə alim, professor Cəfər Mehrad və ADA Universiteti Kitabxanasının direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədovdur. Əsərin rəyçiləri BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan və Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevadır.
İlk dəfə ingilis dilində hazırlanmış dərs vəsaitində qədim zamanlardan XXI əsrin əvvəllərinədək Azərbaycanda kitab və kitabxana mədəniyyətinin formalaşması və inkişafının tarixi nəzəriyyəsi əks olunur. Ölkəmizdə kitab mədəniyyətinin inkişafının tarixi xronologiya əsasında tədqiq edildiyi dərs vəsaitində hazırda bu sahədə olan problemlər, onların həlli yolları, qarşıda duran hədəflər şərh olunur. Kitabın müasir dövrümüzü əhatə edən son bölməsində Ulu öndər Heydər Əliyevin və onun bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kitabxana işinə qayğısından bəhs olunur. Vurğulanır ki, hazırda ölkə əhalisinin informasiya təminatının ödənilməsində mühüm rol oynayan kitabxana şəbəkələri hərtərəfli inkişaf etdirilir.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş dərs vəsaiti kitabxanaşünaslıq və informasiya elmləri üzrə təhsil alan tələbələr, həmçinin yerli və əcnəbi kitabxana-informasiya mütəxəssisləri, o cümlədən mədəniyyət tarixi tədqiqatçıları üçün nəzərdə tutulub.