BDU-nun Jurnalistika fakültəsi “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlər keçirir
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlər keçirilir.
Layihə çərçivəsində ilk tədbir Azərbaycan Mətbuat Şurasında baş tutub. Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, BDU-nun İctimai Nəzarət Şurasının üzvü, Əməkdar jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Ulu Öndər Heydər Əliyevin Azərbaycan jurnalistikasının inkişafında, söz və mətbuat azadlığının qorunmasında tarixi xidmətlərini diqqətə çatdırıb. O qeyd edib ki, Ümummilli Liderin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Məhz bu Fərmanla mətbuatda və digər KİV-lərdə Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. Bu, mətbuat sahəsində tarixi hadisə idi. Ulu Öndər mətbuata və mətbuat işçilərinə hər zaman öz diqqətini göstərmiş, "Jurnalistlərin dostu" adına layiq görülmüşdür.
Sədr həmçinin 2003-cü ildə jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılmasından, həmin tədbirdə Ümummilli Liderin iştirakından da danışıb.
Tədbirdə Jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.