BDU-nun Geologiya, Fizika, Mexanika-riyaziyyat fakültələri və “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə Xocalı qurbanları anılıb
Bakı Dövlət Universitetində Geologiya, Fizika və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqrımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov çıxış edərək Xocalı soyqırımının azərbaycanlılara və bütün bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıb.
BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev beynəlxalq arenada Xocalı soyqırımının tanınması istiqamətində görülən işlər və hədəflər barədə auditoriyaya geniş məlumat verib. O qeyd edib ki, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşür.
Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev və Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov çıxışlarında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etdiyini və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Daha sonra BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri Aysu Əliyeva, Nəzrin Cəlilova, İsmayıl Cəlilov, Ayan Hüseynov və Əli Qurbanlı Xocalı faciəsinə həsr olunmuş şerlər səsləndiriblər.