BDU-nun Fizika fakültəsində ekonofizika elmi istiqaməti müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin elmi seminarı keçirilib.
Seminarda Yarımkeçiricilər fizikası kafedrasının professoru Maarif Cəfərov yeni elmi istiqamət kimi tanınan ekonofizika haqqında təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, ekonofizika termini ilk dəfə 1997-ci ildə statistik fizikanın üsullarının tətbiq olunduğu maliyyə məlumatlarının ümumi təhlilində işlənib. 1998-ci ildən etibarən Avropa və Şimali Amerikada mütəmadi olaraq ekonofizika üzrə konfranslar keçirilir. Həmin konfranslarda iqtisadi proseslərin idarə olunmasına fizikanın qanunlarının tətbiqinə dair elmi araşdırmaların nəticələri təqdim olunub.
Maarif Cəfərov qeyd edib ki, hazırda bir çox aparıcı universitetlərdə ekonofizika üzrə mütəxəssis hazırlığı aparılır və bu ixtisas gələcəyin ixtisası hesab olunur. O, həmin ali təhsil müəssisələrində ekonofizika üzrə tədris prosesinin xüsusiyyətləri barədə danışıb. Xüsusən nəzəri fizikanın öyrənilməsinin zəruriliyini qeyd edib, bir sıra fiziki qanunauyğunluqların və proseslərin iqtisadiyyatda tətbiq oluna biləcəyi sahələri nümunə kimi göstərib. Son zamanlar müxtəlif illərdə iqtisadiyyat sahəsində Nobel mükafatı almış 3 nəfərin baza təhsilinin fizika olması da fiziki biliklərin iqtisadiyyatın inkişafında nə qədər yararlı olduğunu göstərir. Bu sahənin mütəxəssislərinin fikrincə, iqtisadi hadisələrin öyrənilməsi üçün fizikanın metodologiyasından istifadə olunduğu tədqiqatları ekonofizika kimi təsnif etmək olar.
Məruzəçi Moskva Dövlət Universitetinin nümunəsində ekonofizika ixtisası üzrə mütəxəssis hazırlığına dair tədris prosesinin təşkili, tədris olunan fənlər və s. barədə məlumat verib. O, BDU-nun Fizika fakültəsinin magistraturasında bu ixtisas üzrə kadr hazırlığı üçün görülməli olan işlərdən danışıb.
Fakültə dekanı Bəxtiyar Paşayev təqdim olunan məruzənin tamamilə yeni elm sahəsinə aid olduğunu və iqtisadiyyat üçün aktuallığını qeyd edib. Digər seminar iştirakçıları da bu sahədə tədris prosesinin təşkilinin zəruriliyini vurğulayıblar.