BDU-nun dosenti Beynəlxalq Yaşıl SAF 2024 iştirakçılarına iqlim dəyişmələri ilə bağlı təlim keçib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Lalə Bayramova Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının ikinci günündə iştirakçılara “İqlim dəyişmələri və dayanıqlılıq” mövzusunda təlim keçib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisi olan Lalə Bayramova tərəfindən iştirakçılara iqlim dəyişikliyi, qlobal istiləşmə, yaşıl texnologiya, meşə ekosistemləri, nəqliyyat sektoru tullantılarının ətraf mühitə təsiri və iqlim dəyişikliklərinə səbəb olan digər amillər barədə məlumat verilib. O, iqlim dəyişikliklərinin insan həyatına zərərləri barədə danışıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, builki festivalın məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiq edilməsidir.