BDU-nun Biologiya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, şanlı tarix yazan hərbçilərimizin misilsiz rəşadəti və əzmkarlığından, xalqımızın mübarizliyindən bəhs edib. Əldə olunan Qələbəni Prezident-Xalq-Ordu birliyinin şərtləndirdiyini vurğulayıb. Afət Məmmədova gəncləri Vətəni şəhid və qazilər qədər sevməyə, faydalı işlər görməyə səsləyib.
Professor Nuru Məmmədov ermənilərin tarixən davam edən işğalçılıq siyasəti, Azərbaycanın apardığı haqq savaşı, Vətən müharibəsinin tarixi əhəmiyyəti və yaratdığı reallıqlar barədə gəncləri məlumatlandırıb.
Tədbirdə Vətən müharibəsi iştirakçıları Tərlan Babaşov, Fərahim Əmirli, Lətif Əliyev, Savalan Maqsudov, Elgün Əsgərov öz döyüş xatirələrini danışıblar.
Tədbirin sonunda tələbələr tərəfindən qəhrəmanlıq ruhlu şerlər, mahnılar ifa olunub, videoçarxlar nümayiş etdirilib.