BDU-nun Astrofizika kafedrası: “İyulun 30-31-də orta səviyyəli geomaqnit qasırğası olacaq”
Son üç sutka ərzində bir neçə M9.9, M7.8 və M7.7 kimi M sinif alışma hesabına Günəş aktivliyi yüksək həddə çatıb. Son 24 saat ərzində Yerə yönəlmiş iki tac kütlə atılması müşahidə olunub.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, M9.9 alışması ilə əlaqədar olan birinci tac kütlə atılması iyulun 30-da günün sonunda Yerə yaxınlaşacaq. İkinci tac kütlə atılması Günəş səthinin cənub-qərb kənarında AR3068 oblastı yaxınlığında baş verib. Bu hadisə 31 iyul-1 avqust tarixlərində sürüşkən təsir effekti yaradacaq. 31 iyul tarixinədək Günəş aktivliyi müəyyən ehtimalla X sinif alışmalarla müşayiət olunacaq. Yüklü zərrəciklər selinin aktivliyi fon səviyyəsində olacaq.
Hazırda geomaqnit səviyyə sakit və qeyri-stabildir. İyulun 29-da geomaqnit səviyyə iyulun 27-də baş vermiş tac kütlə atılması hesabına G1 (mülayim) qasırğa səviyyəsində olub. 30-31 iyul tarixlərində geomaqnit qasırğa G2 (orta) səviyyədə olacaq. Yerə istiqamətlənmiş başqa tac kütlə atılması müşahidə edilməyib.