BDU-da Zəfər Günü təntənəli şəkildə qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, artıq ikinci ildir Azərbaycan xalqı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin mahir sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı, sarsılmaz xalq-iqtidar birliyi hesabına qazandığımız böyük qələbənin, tarixi Zəfərin qürurunu yaşayır. Bu şanlı qələbənin memarı Ulu öndərimizə, şəhidlərimizə və qazilərimizə böyük ehtiram və tarixi Zəfərin lideri Müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlıq hissləri duyur. 2020-ci ilə qədər adi təqvim günlərindən biri olan 8 noyabr iki il öncə xalqımızın minilliklərə gedib çıxan tarixinə böyük və parlaq hərflərlə əbədi həkk olundu. 8 Noyabr miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, bütün türk dünyasının son iki yüz il ərzində qazandığı ən böyük tarixi Zəfər hesab olunur.
Rektor vurğulayıb ki, 2020-ci ilin 8 noyabrında milli qürurumuzun rəmzi olan Şuşanın azad olunması ilə 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatıb, düşmənin acı məğlubiyyətini etiraf etməkdən və təslimçilik sənədinə imza atmaqdan başqa çarəsi qalmayıb: “8 Noyabr tarixi haqlı olaraq ölkəmizin, xalqımızın həyatında yeni eranın başlanğıcı kimi qiymətləndirilir. Məhz bu tarixdən sonra regionda yeni geosiyasi reallıqlar yaranıb. Vətən müharibəsini qalibiyyətlə başa vuran qüdrətli Azərbaycan öz şərtlərini diqtə edən və uğurla həyata keçirən ölkə kimi daha böyük imkanlar əldə edib”.
Elçin Babayev BDU-nun çoxminli kollektivi və tələbələrinin tarixi Zəfərin ikinci ildönümünü yüksək ovqatla qarşıladıqlarını diqqətə çatdırıb: “Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərmiş, 20 nəfər məzun və tələbəsi şəhidlik zirvəsinə ucalmış BDU kollektivi tarixi Zəfərdən sonra artıq tarixə çevrilən Qarabağ münaqişəsinin səbəbləri, müharibə və postmüharibə dövründəki ictimai-siyasi proseslərlə bağlı elmi araşdırmalarını davam etdirir. Artıq bu istiqamətdə əldə etdiyimiz mühüm nəticələr var. Müharibədən sonra Universitetin artıq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış iki akademik layihəsi – “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair Beynəlxalq Kompleks Hesabat” və “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihələri uğurla gerçəkləşdirilib”.
Daha sonra çıxış edən Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 il erməni əsarətində olan torpaqlarımızı azad edərək regionda yeni reallıq yaradıb. Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan dövləti qalib dövlət, Azərbaycan xalqı isə qəhrəman xalq olduğunu sübuta yetirib. Baş nazirin müavini vurğulayıb ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülh və firavanlıq üçün də etibarlı zəmin yaradır.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, millət vəkilləri Rafael Hüseynov, Jalə Əliyeva, Anar İsgəndərov, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Vətən müharibəsi qəhrəmanı Ramiz Cəfərovun qızı, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Rəbiqə Salayeva və Vətən müharibəsi iştirakçısı, BDU-nun məzunu Qədir Daşdəmirov çıxışlarında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi gücündən, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından qürurla bəhs ediblər.
Tədbir BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi-bədii proqramla davam edib.