BDU-da Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş tədbir
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 20 noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə qonaq qismində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Komitənin Uşaq Səfirləri Məclisinin üzvləri,Bakı şəhəri Yasamal rayonu 53 nömrəli məktəbin şagird, müəllim və valideynləri iştirak ediblər.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Zaur Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq hüquqlarına olan diqqətinin bu sahəyə qayğının daha da artmasına səbəb olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğalda olan torpaqlarımızı qısa müddətdə azad etməsindən, Qarabağda gedən böyük quruculuq işlərindən danışan Zaur Əliyev uşaqların qalib dövlətin xoşbəxt övladları olduqlarını vurğulayıb.
Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva ailədə uşaqların tərbiyəsi, bu yöndə valideynlərin rolundan bəhs edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova dövlət uşaq siyasəti, uşaq hüquqlarının müdafiəsi sahəsində icra olunan fəaliyyət barədə məlumat verib. Komitənin uşaq səfirləri məclisinin üzvü Ayan Əhmədova məclis tərəfindən həyata keçirilən layihələrdən bəhs edib.
53 nömrəli məktəbin şagirdləri şeirlər səsləndirib, vətənpərvərlik mövsuzunda çıxışlar ediblər. Daha sonra uşaqlar fakültə ilə tanış olub, gələcəkdə Hüquq fakültəsinin tələbələri olmaq istədiklərini bildiriblər.