BDU-da “Smart Agro Technology” layihəsinin ilk təlimi keçirilib
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Smart Agro Technology” layihəsinin icrasına başlanılıb. Layihə rəhbəri Sara Rəhimzadə seçim turlarının nəticələrinə əsasən təlimdə iştirak hüququ qazanmış gəncləri təqdim edib.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxışında hazırda aqrar sahədə texnoloji yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayaraq, bu yaxınlarda BDU ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq imkanlarının müzakirə olunmasının da bu məqsədə xidmət etdiyini bildirib. O, gəncləri elmi və texniki biliklərin artırılması məqsədilə keçirilən belə layihələrdə aktiv iştiraka dəvət edib.
Fizika fakültəsinin dekan müavini Vüsal Məmmədov gənclərin intellektual potensialının artırılmasında belə layihələrdə iştirakının önəmini, Universitet rəhbərliyinin bu cür layihələrə hərtərəfli dəstək göstərdiyini vurğulayıb.
Layihənin təlimçisi Orxan Güləhmədov müasir dövrdə kənd təsərrüfatında tətbiq olunan innovasiyalar və onların effektivliyi, gənclərin komandalaşması və qrup işlərinin yerinə yetirilmə prinsipləri, ağıllı suvarma sistemlərinin əsas məqsədi, yaradılma prinsipləri, hazırlanma texnologiyası və onların gələcək perspektivləri haqqında ətraflı məlumat verib.
Sonra Orxan Güləhmədov iştirakçıların suallarını cavablandırıb və onlara praktiki tapşırıqlar verib. Hər bir komanda onlara verilən tapşırıqları uğurla yerinə yetirib.
Layihənin növbəti təlimi sentyabrın 11-də BDU-da keçiləcək.