BDU-da seminar: “Müasir dövrdə Türkiyənin xarici siyasətində əsas trendlər”
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində elmi seminar keçirilib.
Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçən seminarda Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Günel Əliyeva-Məmmədova “Müasir dövrdə Türkiyənin xarici siyasətində əsas trendlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Türkiyənin xarici siyasətinin bütün əsas konsepsiyalarını slaydlarla nümayiş etdirib. Türkiyənin xarici siyasətində Azərbaycanla qırılmaz dostluq, qardaşlıq münasibətlərinin qırmızı xətlə keçdiyini vurğulayıb.
Seminarın mövzusunun metodoloji və nəzəri əsasını müasir mərhələdə Türkiyənin xarici siyasət aspektlərinə həsr olunan elmi məqalələr, internet resursları, həmçinin müəllifin gəldiyi nəticələr təşkil edir. Təqdimatda müəllifin cari dövrün beynəlxalq problemlərinin konseptual müddəalarının Türkiyənin xarici və daxili siyasətinə təsirinə həsr olunan monoqrafiyasından da istifadə edilib. Məruzəçi bildirib ki, Türkiyənin yeni xarici siyasət konsepsiyası ilk dəfə Əhməd Davudoğlunun “Strateji dərinlik. Türkiyənin beynəlxalq vəziyyəti” adlı fundamental əsərində ifadə etdiyi “mərkəzi dövlət” ideyasına əsaslanır.
Elmi seminarda 44 günlük Vətən müharibəsində Türkiyə - Azərbaycan qardaşlıq münasibətlərinin yüksək səviyyəsinin təhlilinə xüsusi yer verilib. Tarixi Şuşa bəyannaməsinin əhəmiyyəti, Türk Dövlətləri Birliyi Təşkilatında hər iki dövlətin aparıcı rolu təhlil olunub.
Elmi seminar maraqlı müzakirələrlə yadda qalıb.